İtaliya A Seriyasının 4-cü turu çərçivəsində əzəli rəqibi “İnter”in qonağı olan “Milan” derbidə ağır məğlubiyyətlə üzləşib – 1:5.
Arena.az məlumat verir ki, Simone İnzaqinin yetirmələri bununla ardıcıl 5-ci dəfə Milanın eyniadlı təmsilçisi məğlub ediblər.
“Neradzurri” bütün turnirlər çərçivəsində “rossoneri”yə qarşı keçirdiyi son 5 oyunda əzəli rəqibinin qapısından 12 qol keçirib və cəmi 1 qol buraxıb. 18 yanvar 2023-cü ildən bu günə qədər “İnter” bu komandanı İtaliya Super Kubokunda 3:0, A Seriyasında 1:0, Çempionlar Liqasında 2:0 və 1:0 hesabı ilə məğlub edib.
Sentyabrın 16-da aldığı məğlubiyyətlə “Milan” tarixində ilk dəfə ardıcıl 5 derbi oyununda məğlubiyyət acısı yaşayıb. Belə hal əzəli rəqiblərin mübarizə tarixində heç vaxt yaşanmamışdı.
Sonuncu dəfə “İnter” “Milan”ı 4 top fərqi ilə 2009-cu ilin avqustunda məğlub etmişdi. Həmçinin “neradzurri” bu komandaya sonuncu dəfə 5 qolu 1974-cü ilin martında vurmuşdu.
Xatırladaq ki, “Milan” XX əsrin birinci yarısında “İnter”i iki dəfə ardıcıl 6 oyunluq silsilə ilə məğlub edib.
4 turdan sonra “İnter” mütləq nəticə – 12 xalla A Seriyasının vahid lideridir, “neradzurri” rəqib qapılarına 13 qol vurub, 1 qol buraxıb.
“Milan” 4 turda 3 qələbə qazanıb, 1 məğlubiyyət alıb və 9 xalla hələlik 4-cü pillədə qərarlaşıb. “Rossoneri”nin top fərqi 9:7 nisbətindədir.


