İngiltərə Kubokunun 1/32 final mərhələsində “Milluoll” – “Lester Siti” oyununda (2:3) xoşagəlməz hadisə yaşanıb.
Arena.az məlumat verir ki, “Milluoll”un pərəstişkarları “Lester Siti”nin azarkeşlərini “tülkülər”in sabiq prezidenti Vişay Şrivaddhanaprabhanın həlak olduğu vertolyot qəzasını xatırladan əl hərəkətləri ilə qıcıqlandırıblar.
Xatırladaq ki, 27 oktyabr 2018-ci il tarixində İngiltərə Premyer Liqasının 10-cu turunun “Lester Siti” – “Vest Hem” oyunundan (1:1) yarım saat sonra “tülkülər”in sahibinə məxsus “AgustaWestland” AW139 vertolyotu göyərtəsində Vişay Şrivaddhanaprabha, onun heyətinin iki üzvü və bir sərnişlə havaya qalxıb. Uçuşdan bir neçə dəqiqə sonra isə vertolyot qəzaya uğrayıb. Quyruq pərinin sıradan çıxması nəticəsində vertolyot idarəetməni itirərək öz oxu ətrafında fırlanmağa başlayıb və “Kinq Pauer” stadionu yaxınlığındakı avtomobil dayanacağına düşərək alışıb-yanıb. Vertolyotun pilotu da daxil olmaqla göyərtədəki hamı həlak olub.
Stadionun təhlükəsizlik xidməti “Milluoll”un hörmətsizliyə və tərbiyəsizliyə yol vermiş bu azarkeşlərini stüardların nəzarətində stadiondan çıxarıb.
Hadisənin bundan sonrakı təfərrüatı haqda məlumat verilmir.
Vurğulanır ki, Britaniya qanunları müvafiq hallara qarşı sərt mövqe sərgilədiyindən, bu şəxslərin cəzalanacağı mütləqdir.


