“Monpelye” yenidən erməni məşqçiyə tapşırıldı

Futbol üzrə Fransa çempionatında (Liqa 1) mübarizə aparan “Monpelye” klubunun əsas komandasında baş məşqçi dəyişikliyi qeydə alınıb. Arena.az xəbər verir ki, elita təmsilçisi Romen Pito ilə yollarını ayırıb.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Pito ilə yanaşı, köməkçiləri Paskal Bayle ilə Frederik Mendinin də istefaya göndərildiyi açıqlanıb. İstefaya Liqa 1 təmsilçisinin zəif nəticələri səbəb olub. Belə ki, komanda cari mövsümdə Liqa 1 çərçivəsində keçirdiyi 22 oyunda 6 qələbə qazanıb, 2 heç-heçə edib və 14 matçda məğlubiyyətlə üzləşib. Monpelyelilər hazırda turnir cədvəlinin 15-ci pilləsində qərarlaşıblar.

Xatırladaq ki, Romen Pito ötən ilin oktyabrında istefaya göndərilən Olivye Dallolyonun istefasından sonra müvəqqəti olaraq baş məşqçinin səlahiyyətlərini həyata keçirməyə başlamışdı. Lakin bir müddət sonra klub rəhbərliyi onun baş məşqçi kimi təyinatını rəsmiləşdirmişdi. Fransalı mütəxəssis bu komandanı bütövlükdə 12 matça çıxarıb. Bu görüşlərdə 2 qələbə qazanıb, 2 heç-heçə edən komanda 8 oyunda da məğlubiyyətə üzülüb.

Artıq “Monpelye”nin yeni baş məşqçisi də məlumdur. Liqa 1 təmsilçisi sabiq baş məşqçisi Mişel Ter-Zakaryana tapşırılıb. Klubun rəsmi saytında müqavilənin müddəti barədə məlumat verilməsə də, Fransa mətbuatı tərəflərin mövsümün sonuna kimi anlaşdığını yazıb.

Ermənistandan olan Mişel Ter-Zakaryan futbolçu karyerası dövründə yalnız “Nant” və “Monpelye”nin şərəfini qoruyub. O, məşqçilik karyerasına da məhz indiki klubunda başlayıb. Burada əvvəlcə köməkçi məşqçi kimi çalışan erməni mütəxəssis, 2017-2012-ci illərdə də baş məşqçi olub. Komanda vaxtilə onun rəhbərliyi altında 161 oyun keçirib, 62 qələbə qazanıb, 54 heç-heçə edib, 45 məğlubiyyətə üzülüb. 59 yaşlı məşqçi karyerası ərzində “Nant”, “Klermon”, “Reyms” və “Brest”ə də rəhbərlik edib. O, 2022-ci ilin oktyabrında “Brest”dən qovulandan bəri işsiz idi.

Xəbəri sosial şəbəkələrdə paylaş: