Mübariz Orucov: “Biz də hakimlikdən narazı idik, amma…”

“Sumqayıt”ın məşqçisi Mübariz Orucov Azərbaycan Premyer Liqanın 28-ci turunda “Araz-Naxçıvan”a qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, o, 1:0 hesabıyla qalib gəldikləri oyundan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“İlk hissə tam bizim üstünlüyümüz şəraitində keçdi. Demək olar ki, meydanda bir komanda var idi. Epizodlarımız çox oldu, onlardan istifadə etsəydik, hesab daha böyük olardı. Belədə, ikinci hissəni daha rahat oynamaq mümkün idi. Amma növbəti qolu vurmadıq deyə, bir az gərginlik yarandı. Futbolçularda yorğunluq hiss olunurdu. Oruc tutanlar çoxdur. Oyunun vaxtı da oruc tutanlar üçün əlverişsiz idi. Demək olar ki, su içib davam etdilər. Yorğunluq fonunda keyfiyyət də aşağı düşdü. Oyun bizim üstünlüyümüz şəraitində keçdi, haqlı qələbə qazandıq. Vacib qələbə idi. Davam edirik. Son mərhələyə girmişik. Bütün oyunlar vacibdir. Bundan sonra hər komanda ilə bir oyun qalıb. Hər görüşə qələbə üçün çıxacağıq”.

“Sumqayıt”ın məşqçisi “Araz-Naxçıvan”ın qapısına təyin olumuş mübahisəli penalti epizodundan da söz açıb:

“Vallah, epizodu izləməmişəm. Amma eşitdim ki, narazılıqlar var. Haqsızlığı nədə görürlər? Top meydandadırsa, təmas olubsa, penalti verilməlidir. Qapıçı topu əlinə götürüb, amma rəqibini vurur. Bu nədir? Penalti. Cərimə meydançasında təmas varsa, penalti qərarı doğrudur. Əslində, hakimlikdən rəqib qədər biz də narazı idik. Bəzən hakimlər də səhv edirlər. Bizim özümüz də bir neçə dəfə haqsızlıqla qarşılaşdıq. Amma bu gün hakimliyin bərbad olduğunu düşünmürəm”.

Mübariz Orucov avrokuboklara vəsiqə qazanacaqları halda heyəti gücləndirəcəklərini də vurğulayıb:

“Avrokuboklara vəsiqə qazansaq, yəqin ki, komanda güclənməlidir. O yöndə də işlər görüləcək. Düzdür, qışda transfer edə bilmədik. Transfer etməməyimizin səbəbi sırf maliyyə ilə də bağlı deyil. Büdcəmiz yüksək deyil ki, yaxşı oyunçular götürək. Sadəcə, qışda yaxşı futbolçu tapmaq çətindir. Yaxşı oyunçuların klubla müqaviləsi olur. Belədə, həm özünə, həm də klubuna pul ödəməlisən. Azad agent statusunda olanlar da bizim xoşumuza gəlmədi. Transfer xətrinə oyunçu götürmək istəmədik. Yayda avrokuboklara düşsək də, düşməsək də, güclənmək istəyirik. Yaxşı oyunçularla yolumuza davam edəcəyik”.

Xəbəri istədiklərinizlə paylaşın