Almaniyanın “Bayer” klubunun mərkəz yarımmüdafiəçisi Nadim Amiri Bundesliqanın digər təmsilçisi “Maynts”a keçib.
Arena.az bu barədə “Maynts”ın mətbuat xidmətinə istinadən məlumat verir.
Sözügedən klub 27 yaşlı futbolçunu “Bayer”dən tamhüquqlu müqavilə əsasında heyətinə qatıb.
Transfer “Maynts”a 1 milyon avro məbləğində başa gəlib. Alman klubu Amiri ilə müddəti 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıb.
Nadim Amiri futbola “Lüdviqshafen” klubunda qədəm qoyub və buradan “Kayzerslautern”in futbol akademiyasına keçib. Ardınca Amiri “Valdhof” və “Hoffenhaym”da oynayıb və böyük futbolda debüt edib. Daha sonra Amiri “Bayer”ə keçib və “əczaçılar” futbolçunu bir müddət “Cenoa”da icarədə oynadıblar.
Cari mövsümün ilk yarısında Amiri “Bayer”in heyətində 9 oyuna çıxıb, 1 məhsuldar ötürmə verib.
Amirinin qənimətlər muzeyində “Hoffenhaym”ın U-19 komandası ilə 2013/2014 mövsümündə qazandığı Bundesliqa çempionluğu var.
Amiri 2019-cu ilin oktyabrında debüt etdiyi Almaniya yığmasının heyətində 5 oyun keçirib, məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib. Nadim bundestimin U-21 yığması ilə 2017-ci il Avropa çempionatının qalibi olub.
“Transfermarkt” internet-portalı 27 yaşlı mərkəz yarımmüdafiəçisinin transfer dəyərini 4 milyon avro məbləğində qiymətləndirir.
“Maynts” “Ayntraxt”ın hücumçusu Cessik Nqankamı da icarəyə götürüb. Əlsən Kamerundan olan 23 yaşlı almaniyalı futbolçu bu mövsümün sonuna kimi icarədə olacaq.
Nqankam “Ayntraxt”a 2023-cü ilin iyul ayında 4 milyon avro qarşılığında keçmişdi. O, Frankfurt klubunun heyətində 23 oyuna çıxıb, 3 qol vurub, 1 assist edib. Cessik karyerası ərzində “Herta” və “Qroyter”in də şərəfini qoruyub, Almaniyanın U-17, U-18 və U-21 yığmalarında oynayıb.
“Transfermarkt” internet-portalı 23 yaşlı forvardının transfer dəyərini 3 milyon avro məbləğində qiymətləndirir.



