“Napoli”nin prezidenti Osimhenin klubdakı gələcəyinə dair danışdı

“Napoli”nin prezidenti Aurelio De Laurentis komandanın nigeriyalı mərkəz hücumçusu Viktor Osimhenin klubdakı gələcəyini şərh edib.

Arena.az xəbər verir ki, Laurentis Osimhenlə bağlı vəziyyətin qaydasında olduğunu bildirib:

“Viktor komandanı təsis edən oyunçudur. Bu, müzakirə mövzusu deyil. Müqavilə müddətini uzatmaqla bağlı heç bir fəsad yoxdur. “Napoli”də hər kəs xoşbəxtdir. Fəsadlar necə gəlirlərsə, eləcə də gedirlər”.

Xatırladaq ki, daha əvvəl “Napoli” mətbuat xidməti tərəfindən klubun sosial şəbəkələrində hücumçunun penaltini qaçırması ilə bağlı yumoristik video paylaşılmış, sonradan isə bu video gecikmə ilə də olsa, silinmişdi. Bu hadisə Osimhen və “Napoli” arasında münaqişə yaratmışdı. Nigeriyalı hücumçunun təmsilçisi sosial şəbəkələrdə yayımlanmış müvafiq materialın futbolçunun simasına xələl gətirdiyini bildirməklə, Neapol klubunu məhkəmə ilə hədələmişdi.

Vurğulayaq ki, Viktor Osimhen “Napoli”yə 2020-ci ilin sentyabrında 75 milyon avro qarşılığında “Lill”dən keçib. Hücumçunun “Napoli” ilə müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Osimhen komandasının “vuran ayağı”dır. Nigeriyalı mərkəz hücumçusu geridə qalmış 2022/2023 mövsümündə 26 qolla A Seriyasının ən sərrast futbolçusu olub, “eşşəkciklər”in “skudetto”nun qazanmasında müstəsna xidmət göstərib. Cari mövsümdə isə Viktor 9 oyunda 5 qol, 1 məhsuldar ötürmə ilə fərqlənib.

Osimhen 2017-ci ilin iyununda debüt etdiyi Nigeriya yığmasının heyətində 27 oyuna çıxıb, 20 qol vurub, 8 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 24 yaşlı Viktor Osimheni 120 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: