“Neftçi” 1500-cü qolu vurdu, ilkə imza atdı

“Neftçi” futbol üzrə Azərbaycan çempionatlarında 1500-cü qolu vurub. Arena.az xəbər verir ki, bu, Azərbaycan Premyer Liqasının 25-ci turuna təsadüf edib.

“Bakcell Arena”da “Turan Tovuz”u qəbul edən Bakı klubu 4:0 hesabı ilə qalib gəlib. 1992-ci ildən keçirilən ölkə çempionatlarının daimi iştirakçılarından biri olan “ağ-qaralar” bu qarşılaşmaya qədər 1496 dəfə fərqlənmişdi. Paytaxt təmsilçisinin qarşılaşmadakı 4-cü topu yubiley xarakteri daşıyıb.

Yubiley qoluna Emin Mahmudov imza atıb. Bununla da “Neftçi” çempionatda 1500 qol vuran ilk komanda olub. Bakılılar 1500-cü qolu 878-ci matçda vurub. “Ağ-qaralar”ın orta məhsuldarlığı 1.71-ə bərabərdir.

Xatırladaq ki, Bakı təmsilçisinin 1-ci qolunu 1992-ci il mayın 8-də Sumqayıt “Xəzər”i ilə qarşılaşmada Yunis Hüseynov vurub. 500-cü qola 1999-cu il oktyabrın 31-də “Kəpəz”lə görüşdə Aleksey Stukas imza atıb. 1000-ci topun müəllifi isə 2011-ci dekabrın 4-də “Simurq”la qarşılaşmada fərqlənən Araz Abdullayev olub.

Xəbəri sosial şəbəkələrdə paylaş: