“Neftçi” basketbol komandası FIBA Avropa Kubokunun 2026/2027-ci illər üzrə müntəzəm mövsümündə bu gün mübarizəyə start verib.
Arena.az xəbər verir ki, H qrupunda yer almış “ağ-qaralar” startda Yunanıstanın “Mikonos” kollektivinin qonağı olub.
Görüş Bakı təmsilçisinin məğlubiyyəti ilə başa çatıb – 58:78.
H qrupunda “Oradya” (Rumıniya), “Fribur Olimpik” (İsveçrə), VEF (Latviya) və “Lokomotiv” (Plovdiv, Bolqarıstan) komandaları da yer alıblar. “Ağ-qaralar” növbəti turda doğma meydanda VEF (Riqa) ilə üz-üzə gələcəklər. Bu görüş oktyabrın 14-də Bakıda baş tutacaq.
Xatırladaq ki, “Neftçi” FİBA Avropa Kubokunda mövsümə Estoniyanın “Parnu” komandasına qarşı keçirdiyi təsnifat mərhələsinin oyunları ilə start vermişdi. Azərbaycan təmsilçisi bu rəqibinə səfərdə 61:73 hesabıyla uduzsa da, ev oyununda 80:67 hesabıyla qalib gələrək müntəzəm mövsümün iştirakçısı olmuşdu.


