Argentinanın “Atletiko Sarmiento” klubunun hücumçusu Lukas Melano bundan sonra “Neftçi”nin formasını geyinəcək.
Arena.az xəbər verir ki, bu barədə Azərbaycan klubunun rəsmi saytı məlumat yayıb.
Xəbərdə bildirilir ki, “Neftçi” PFK-nın bir müddətdir davam etdirdiyi hücumçu axtarışı, nəhayət, müsbət həllini tapıb. Bu, transfer pəncərəsinin bağlanmasına bir neçə saat qalmış reallaşıb. Argentinalı Lukas Melano ilə rəsmi müqavilə bağlanıb.
30 yaşlı forvard yaxın günlərdə Bakıya gələrək tibbi baxışdan keçəcək. Daha sonra müqavilənin detalları haqqında ətraflı məlumat paylaşılacaq.
Qeyd edək ki, sonuncu klubu “Atletiko Sarmiento” (2023) olan Lukas Melano Argentinanın “Nyuells Old Boyz” (2022), “Sentral Kordoba” (2021), “San-Lorenso de Almaqro” (2021), “Atletiko Tukuman” (2019-2021), “Estudiantes” (2017-2018), “Lanus” (2013-2015), “Belqrano” (2011-2013, 2017), həmçinin Çilinin “Universidad Katolika” (2022) və ABŞ-nin “Portlend Timbers” (2015-2019) klublarında çıxış edib. O, 2013-cü ildə “Lanus”la Sudamerikana kubokunun, 2015-ci ildə isə “Portlend Timbers”lə MLS kubokunun qalibi olub. Hücumçu 2013-cü ildə Argentinanın U-20 milli komandasının heyətində 3 oyun keçirib, 1 qol vurub.
Xatırladaq ki, “Neftçi” bu yay Emil Balayev, Filip Ozobiç, Yuri Matias, Mark Tamaş, Qara Qarayev, Ervin Koffi, Andre Şinyaşiki, Aaron Olanare, Dieqo Valdes və Reziuan Mirzovu da heyətinə qatmışdı.
Sezar Meza Kolli, Vato Arveladze, Mert Çelik, Voyislav Stankoviç, Solomon Kvirkveliya, Asim Əlizadə, Elşad Tağıyev və Ömər Qurbanov da komandanı tərk ediblər. Xəyal Nəcəfov (“Turan Tovuz”a), Vüsal Əsgərov və Seymur Əliyev isə (hər ikisi “İrəvan”a) icarəyə verilib.
İvan Brkiç, Emin Mahmudov və İsmayıl Zülfüqarlı ilə də yeni müqavilə imzalanıb.


