Nemanya Matiç “Mançester Yunayted”i “Roma”ya dəyişdi

Futbol üzrə Serbiya yığmasının sabiq müdafiəçisi Nemanya Matiç İngiltərənin “Mançester Yunayted” klubundan ayrılıb. Arena.az xəbər verir ki, 33 yaşlı futbolçu bundan sonra karyerasını İtaliyanın “Roma” klubunda davam etdirəcək.

Bu barədə “canavarlar”ın mətbuat xidməti məlumat yayıb. “Qırmızı şeytanlar”dan azad agent qismində ayrılan futbolçu yeni klubu ilə 1 illik anlaşmaya imza atıb. Dayaq yarımmüdafiəçisi paytaxt klubunun sıralarında 21 nömrəli formanı geyinəcək.

Nemanya Matiç 2017-ci ildən “Mançester Yunayted”də çıxış edirdi. Son mövsümdə bütün turnirlər çərçivəsində 32 matça çıxan serbiyalı oyunçu 4 məhsuldar ötürmə müəllifi olub. Bütövlükdə isə o, bu komandanın heyətində 189 matça çıxıb, 4 qol vurub.

Matiç karyerası ərzində “Çelsi”, “Benfika”, “Vitess”, “Koşitse” və “Kolubara” klublarının da formasını geyinib. O, həm “zadəganlar”ın, həm də “qırmızı şeytanlar”ın heyətində “Roma”nın indiki baş məşqçisi Joze Mourinyunun rəhbərliyi altında çıxış edib. Serbiya yığmasında 48 oyun keçirmiş futbolçu, 2 qolla yadda qalıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: