Neymar “Əl-Hilal”ı Braziliya klubuna dəyişmək istəyir

“Əl-Hilal”ın və Brazilya milli komandasının hücumçusu Neymar Səudiyyə Ərəbistanı Peşəkar Liqasını tərk edə bilər.

Arena.az bu barədə “Sport.es” dərgisinə istinadən məlumat verir.

Mənbənin məlumatına görə, braziliyalı ulduz 2026-cı ildə keçiriləcək növbəti dünya çempionatında iştiraka məqsədyönlü şəkildə hazırlaşmaq istəyir. Bunun üçün də o, növbəti mövsümün sonunda Braziliyanın “Santos” klubuna qayıtmaq niyyətindədir. Hansı ki, təcrübəli oyunçu dünya futbolunun ulduzu kimi məhz “Santos”da parlayıb.

Vurğulanır ki, Neymarın yaxın ətrafı ulduz futbolçunun ərəb klubu ilə müqaviləsi müddətinin rəsmən bəyan edildiyi kimi 2025-ci ilin iyun ayının sonuna qədər deyil, cəmi bir il olduğunu iddia edirlər.
Həmçinin bildirilir ki, hücumçu 2026-cı ildə keçiriləcək futbol üzrə dünya çempionatının başlamasına bir il qalmış kluba qayıtmaq xahişi ilə “Santos”a şəxsən müraciət edib.

Xatırladaq ki, braziliyalı futbolçu cari ilin yay transfer pəncərəsində PSJ-dən “Əl-Hilal”a keçib. Tərəflər arasında sonradan bir il uzadılmaq imkanını özündə ehtiva edən, müddəti 2025-ci ilin iyun ayının sonuna qədər nəzərdə tutulmuş müqavilə imzalanıb. Transfer ərəblərə 90 milyon avroya başa gəlib. Bu məbləğ Neymarın təxmin edilən bazar qiymətindən bahadır.

Braziliyalı ulduz geridə qalmış 2022/2023 mövsümündə mütəmadi olaraq zədələrdən əziyyət çəkməsinə rəğmən, PSJ-nin heyətində 29 oyuna çıxıb. O, 18 qol vurub, 17 məhsuldar ötürmə verib və parislilərlə Fransa çempionatını qazanıb.

Cari mövsümdə o, “Əl-Hilal”ın heyətində 3 oyuna çıxıb, 2 məhsuldar ötürmə verib.

Neymar 2010-cu ilin avqustunda debüt etdiyi Braziliya yığmasının heyətində 126 oyun keçirib, 79 qol vurub, 58 məhsuldar ötürmə verib.

Daha əvvəl Neymarın “Əl-Hilal”ın baş məşqçisi, portuqal mütəxəssis Jorje Jezuşla xoşagəlməz mübahisəsi olması haqda məlumat yayılmış, ulduz futbolçu hadisənin doğrulunu təkzib etmişdi.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: