N’Qolo Kante “Çelsi” ilə belə vidalaşdı

“Əl-İttihad”ın yarımmüdafiəçisi N’Qolo Kante “Çelsi”dən azad agent qismində ayrıldıqdan sonra “zadəganlar”ın azarkeşləri ilə vidalaşıb.

Arena.az Kantenin sosial şəbəkələrdən ünvanladığı vida sözlərini diqqətinizə çatdırır:

“Əlvida, “Çelsi”! Karyeramda yeni bir səhifəyə başlamağın vaxtıdır. Ancaq əvvəlcə böyük və gözəl “Çelsi” ailəsinə təşəkkür etmək istəyirəm.

Azarkeşlər, oyunçular, direktorlar, məşqçilər, tibb işçiləri – bu əfsanəvi klubda son yeddi mövsümdə mənə dəstək olan hər kəsə təşəkkür edirəm! Sizinlə birlikdə o qədər gözəl xatirələr, o qədər qələbələr və qazandığımız titullar var ki… Sizə ürəkdən təşəkkür edirəm. Bilin, sizi heç vaxt unutmayacağam”.

Xatırladaq ki, N’Qolo Kante 2 gün öncə Səudiyyə Ərəbistanı təmsilçisi “Əl-İttihad”la 3 illik müqaviləyə imza atıb. 32 yaşlı futbolçu yeni klubunda ilinə 100 milyon avro qazanacaq.

Kante 2016-cı ilin iyul ayında “Lester Siti”dən 35,80 milyon avro qarşılığında “Çelsi”yə keçmişdi. O, London təmsilçisinin heyətində bütövlükdə 269 oyuna çıxıb, 13 qol və 16 məhsuldar ötürmə ilə yadda qalıb. Kante “zadəganlar”la altı kubok qazanıb.

Yarımmüdafiəçi daha öncə “Kan” (82 oyun, 6 qol, 9 assist), “Bulon” (40 oyun, 4 qol) və “Lester Siti”də (40 oyun, 1 qol, 4 assist) oynayıb. O, Fransa milli komandasında da 53 oyuna çıxıb, 2 qola imza atıb.

Xatırladaq ki, bir müddət öncə Madrid “Real”ının fransız hücumçusu Kərim Benzema da “Əl-İttihad”la müqavilə imzalamışdı. Kantenin transferindən sonra Benzema həmyerlisini yeni komandasında sevinclə qarşılayıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: