N’Qolo Kante rəsmən “Əl-İttihad”da!

Fransa millisinin və “Çelsi”nin yarımmüdafiəçisi N’Qolo Kante bundan sonrakı karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcək.

Arena.az xəbər verir ki, 32 yaşlı futbolçu bu ölkənin “Əl-İttihad” klubuna keçib.

Səudiyyə Ərəbistanı təmsilçisi Kanteni transfer etdiyini rəsmi saytı vasitəsilə açıqlayıb. 32 yaşlı futbolçu ilə 3 illik müqavilə imzalanıb. Onun hər mövsüm üçün 100 milyon avro alacağı bildirilir.

Xatırladaq ki, bir müddət öncə Madrid “Real”ının fransız hücumçusu Kərim Benzema da “Əl-İttihad”la müqavilə imzalamışdı.

N’Qolo Kante 2016-cı ilin iyul ayında “Lester Siti”dən 35,80 milyon avro qarşılığında “Çelsi”yə keçmişdi. O, London təmsilçisinin heyətində bütövlükdə 269 oyuna çıxıb, 13 qol və 16 məhsuldar ötürmə ilə yadda qalıb. Yarımmüdafiəçi daha öncə “Kan” (82 oyun, 6 qol, 9 assist), “Bulon” (40 oyun, 4 qol) və “Lester Siti”də (40 oyun, 1 qol, 4 assist) oynayıb. O, Fransa milli komandasında da 53 oyuna çıxıb, 2 qola imza atıb.

Xatırladaq ki, son zamanlar tez-tez zədələrlə üzləşən Kante 2022/2023 mövsümündə bütün turnirlər daxil olmaqla cəmi 9 oyuna çıxıb, 1 məhsuldar ötürmə edib. Onun “Çelsi” ilə müqaviləsinin müddəti bu ayın sonunda bitirdi. Bu üzdən də təcrübəli futbolçu Səudiyyə Ərəbistanı klubuna azad agent kimi keçib.

Xəbəri sosial şəbəkələrdə paylaş: