“Roma”nın argentinalı hücumçusu Paulo Dibala İtaliya klubunun düşərgəsində qalması haqda qərarını əsaslandırb.
Arena.az 30 yaşlı futbolçunun bu barədə fikrini təqdim edir:
“75 milyon avrodan niyə imtina etdim? Hamı buna baxır, amma mən qərar verərkən bir çox başqa amilləri nəzərə almışam. Ailəm, xüsusən də həyat yoldaşım, şəhər, komanda və milliyə qayıtmaq istəyi də mənə təsir edib: 30 yaşım var, özümü yaxşı hiss edirəm, baxmayaraq ki, zədələrimə görə çox tənqidlər eşidirəm”, deyə Dibala bildirib.
Xatırladaq ki, Paulo Dibala Argentinanın “İnstituto” klubunun yetirməsidir. Avropa karyerasına “Palermo” ilə başlayan Dibala buradan “Yuventus”a keçib. 2022-ci ilin iyulunda isə “Roma” Dibalanı “qoca sinyora”nın düşərgəsindən azad agent qismində heyətinə qatıb. Argentinalı hücumçunun “Roma” ilə müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə Dibala “canavarlar”ın heyətində 2 oyuna çıxıb və hələ ki, fərqlənə bilməyib. O, “Roma”nın heyətində bütün yarışlarda 79 oyuna çıxıb, 34 qol vurub, 18 məhsuldar ötürmə verib.
Paulo Dibalanın qənimətlər muzeyində “Palermo” ilə B Seriyası çempionluğu, “Yuventus”la İtaliya çempionluğu (5 dəfə), İtaliya Kuboku (4 dəfə), İtaliya Super Kuboku (3 dəfə) var.
Dibala 2015-ci ilin oktyabrında debüt etdiyi Argentina yığmasının heytində 38 oyuna 3 qol vurub, 7 məhsuldar ötürmə verib. Dibala “albiseleste” ilə DÇ-2022-nin və 2021/2022 Çempionların CONMEBOL-UEFA Kubokunun qalibi olub.
“Transfermarkt” internet-portalı 30 yaşlı argentinalı hücumçunun transfer dəyərini 20 milyon avro məbləğində qiymətləndirir.


