“Barselona”nın yarımmüdafiəçisi Pedri Çempionlar Liqasının əsas mərhələsinin 1-ci turunda “Monako”ya qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, Kataloniya təmsilçisi azlıqda (10 nəfərlə) qaldığı bu səfər oyunundan məğlubiyyətlə (1:2) ayrılıb.
İspan futbolçunun məğlubiyyətə şərhi belə olub:
“Matçın əvvəlində azlıqda qaldıq. Hesab edirəm ki, komanda bu qırmızı vərəqəyə rəğmən, yaxşı simasını nümayiş etdirdi. Sakit qalmaq gərəkdir. Bununla belə, etiraf etmək gərəkdir ki, bu, mövsümün ən pis oyunudur. Bu, asan deyil”, deyə Pedri bildirib.
“Barselona”nın qapıçısı Mark-Andre ter Ştegen də “Monako”ya səfər məğlubiyyəti ilə bağlı fikirlərini paylaşıb:
“Bizimlə baş verməməli olmayan bir hadisə baş verdi. Amma bu futboldur. Uduzmaq həmişə acı verir. Rəqib heç bir inanılmaz oyun nümayiş etdirmədən qələbə qolunu vurdu”, deyə Ter Ştegen bildirib.
Xatırladaq ki, Çempionlar Liqasının “Monako” ilə ötən gecə baş tutan səfər oyununun əvvəlində “Barselona”nın mərkəz müdafiəçisi Erik Qarsiya meydandan qovulub. O, oyunun 10-cu dəqiqəsində sonuncu ümid cəhdinə görə birbaşa qırmızı vərəqə alıb. İspan müdafiəçi cərimə meydançasının hüdudunda “blauqrana”nın alman qapıçısı Mark-Andre ter Ştegenin imdadına yetişib və qaydanı pozmaq məcburiyyətində qalıb. Say üstünlüyündən maksimum yararlanan meydan sahibləri yekunda qələbəni bayram ediblər. Kataloniyalıların yeganə qolunu isə yeniyetmə ispan futbolçu Lamin Yamal vurub.
1-ci turdan sonra “Monako” ümumi mərhələnin yarış cədvəlində 3 xalla 13-cü pillədə qərarlaşıb. Xalsız “Barselona” isə 23-cü pillədədir.


