Pedro Roke: “100 illik yubileyə öz töhfəmizi vermək istəyirik”

Boks üzrə kişilərdən ibarət millimizin baş məşqçisi Pedro Roke Azərbaycan Boks Federasiyasının mətbuat xidmətinə açıqlama verib.

Arena.az xəbər verir ki, təcrübəli mütəxəssis yığmanın hazırkı durumunu dəyərləndirib, Paris-2024 Yay Olimpiya Oyunlarına hazırlıq planını açıqlayıb və Azərbaycan boksunun 100 illik yubileyində tarixi uğur qazanmaq arzusunda olduğunu bildirib:

“Komandamız hazırlığını ABŞ-ın Kolorado ştatında davam etdirir. Bakıda fiziki məşqlərdən sonra burada texniki-taktiki məşqlər üzərində işləyirik. Toplanış çox yüksək səviyyədə keçir. Boksçularda da əhval-ruhiyyə əladır”.

Rokenin sözlərinə görə, Olimpiya çəki dərəcələri üzrə təlim-məşq toplanışı plan üzrə gedir və fevralın 1-dək davam edəcək hazırlıq yığma üçün çox faydalı olacaq:

“Boksçularımızın durumu çox yüksək səviyyədədir və hər birindən razıyam. Hazırlıq plan üzrə davam edir. Məqsəd Olimpiya təsnifat turnirlərinə kimi pik nöqtəyə çatmaq və yaxşı nəticələr əldə etməkdir. Daha bir neçə lisenziya qazanmaq istəyirik. Toplanışda ABŞ yığması ilə yanaşı, İngiltərə millisi də iştirak edir. Bir çox dünya çempionları, olimpiya mükafatçısı da bizimlə hazırlıq keçir. Birgə toplanış inkişaf baxımından boksçularımızın çox xeyrinə olacaq. Bir sözlə, lisenziya turnirləri öncəsi çox gözəl imkandır. ABŞ və İngiltərə komandaları ilə 3-4 sınaq döyüşü də planlaşdırırıq”.

Roke Olimpiya ilində uğur qazanacaqlarına inam ifadə edib: “Gözləntilərimiz çox müsbətdir. Hələlik 2 lisenziya qazanmışıq və məqsədimiz azı daha 3 vəsiqəyə də sahib olmaq, Azərbaycan boksuna yüksək nəticələrlə töhfə verməkdir. Bu il də ölkəmizi layiqincə təmsil edəcəyimizə inanıram. Qarşıda bizi İtaliya və Tailandda 2 təsnifat turniri gözləyir. 7 lisenziyadan ən azı 5-nə sahib olmaq üçün boksçularımız öz şanslarını yoxlayacaqlar”.

“Federasiya, ölkə və xalq bizə çox böyük ümid bəsləyir”

Baş məşqçi kimi yığmada bir neçə rekorda sahib kubalı mütəxəssis vurğulayıb ki, hədəfi Azərbaycan boksunun 100 illik yubileyində Paris-2024 Yay Olimpiya Oyunlarından qızıl medalla qayıtmaqdır: “Bu il boks ailəmiz üçün əlamətdardır. Azərbaycan boksunun 100 illik yubileyinə biz də öz töhfəmizi vermək istəyirik. Daim əzmlə çalışırıq ki, yubiley və Olimpiya ilində Azərbaycan boksuna bir ilk yaşadaq, Olimpiadada himnimizi səsləndirək və Bakıya qızıl medalla qayıdaq. Rio-de-Janeyro-2016-da buna çox yaxın olduq. Amma təəssüf ki, çempionluğun 1 addımlığında dayandıq. Bu il isə buna çox inanıram. Çünki federasiya, ölkə və xalq bizə çox böyük ümid bəsləyir. Çalışacağıq ki, onların güvənini boşa çıxarmayaq və yubileyə xüsusi hədiyyə ilə gələk”.

Pedro Roke artıq lisenziya qazanan Murad Allahverdiyev (80 kq) və Məhəmməd Abdullayevə (+92 kq) xüsusi proqramla hazırlıq keçməyə başladıqlarını da deyib. O bildirib ki, olimpiyaçılar ABŞ toplanışında xüsusi diqqətdədir: “Onlar da bizimlə Koloradoda təlim-məşq toplanışındadır. Nəzarətim altında xüsusi proqramla işləməyə başlamışıq. Paris-2024 Yay Olimpiya Oyunlarının startınadək hər şeyin yüksək səviyyədə olacağına inanırıq. Toplanışda hələlik əsas diqqətimiz lisenziya əldə etmədiyimiz digər 5 çəki dərəcəsində də vəsiqələrin qazanılması üçün ən yaxşı formanı yığmağa yönəlib”.

Qeyd edək ki, lisenziya xarakterli 1-ci Dünya Təsnifat Turniri martın 4-11-də Busto Arsizioda (İtaliya), 2-ci Dünya Təsnifat Turniri mayın 26-dan iyunun 2-dək Banqkokda olacaq. Paris-2024 Yay Olimpiya oyunları isə 26 iyul – 11 avqustda keçiriləcək.

Xəbəri sosial şəbəkələrdə paylaş: