“Çelsi”nin baş məşqçisi Maurisio Poçettino öz rəhbərliyi altında yeni uğurlu komandanın qurulmasının ləngidiyi haqda narazılığı cavablayıb.
Arena.az “Football.London” dərgisinə istinadən, argentinalı mütəxəssisin bu barədə fikirlərini təqdim edir:
“Bəli, biz burada və indi nəticə istəyirik, gözləmək çətindir. Ancaq xatırlayın, Klopun “Liverpul”dakı üçüncü ilində “Uembli”yə “Tottenhem”lə oyuna gəlmişdilər və biz onları 4:1 hesabı ilə məğlub etmişdik. Ancaq heç kim bunun “Liverpul” üçün dünyanın sonu olduğunu demədi.
Baxın, bundan sonra nə oldu. Premyer Liqanı, Çempionlar Liqasını qazandılar. Dördüncü ildə onlar tamam-kamal oynamağa başladılar”, deyə “Poç” bildirib.
Xatırladaq ki, söhbət Premyer Liqanın 2017/2018-ci illər mövsümünün 9-cu turunun oyunundan gedir. Həmin vaxt Poçettino “Tottenhem”i çalışdırırdı.
Hazırda “Poç”un başında dayandığı “zadəganlar” Premyer Liqanın 22 turundan 31 xalla turnir cədvəlinin 10-cu pilləsində qərarlaşıblar. Premyer Liqaya 51 xalla “Liverpul” başçılıq edir.


