“Çelsi”nin baş məşqçisi Maurisio Poçettino cari qış transfer pəncərəsində London komandasında transferlərin azlığına açıqlama verib.
Arena.az “Çelsi”nin rəsmi saytına istinadən, argentinalı mütəxəssisin müvafiq xüsusda fikirləriin diqqətinizə çatdırır:
“Qış transferləri? Onlara ehtiyacımız olduğunu düşünmürəm. Biz oyunçularla müqavilə imzalamaq yox, kuboklar qazanmaq əzmindəyik. Əlimizdə olan futbolçulardan razıyam. Bununla belə, transfer pəncərəsinin son həftəsində baş verə biləcək hadisələrə hazır olmalıyıq.
Hücumçu imzalamaqmı? Mətbuatda həmişə çox söz-söhbətlər olur – oyunçu gələcək, oyunçu gedəcək… Hazırda sizə deyəcək heç nəyim yoxdur. Birdən nəsə baş verərsə, sizə xəbər verəcəyik”, deyə “Poç” bildirib.
Poçettino müvafiq olaraq “Lester Siti” və Lion “Olimpik”ində icarədə olmuş, bu qış London klubuna qayıtmış yarımmüdafiəçi Çezare Kasadeyin və hücumçu Dieqo Moreyranın perspektivlərindən də danışıb:
“Moreyra və Kasadey klubun mövsümün ikinci hissəsi üçün planlarının bir hissəsidirmi? Bəli. Düşünürəm ki, biz indi onları dəyərləndirməliyik. Hər ikisi icarədən qayıdıblar. Onların yaxşı imkanı var. İndi onlar komandanın bir hissəsi olacaqlar, sonra hər həftə, hər oyunda orada oynayıb-oynamayacaqlarına qərar veriləcək. Zədələrimiz çox idi və düşünürəm ki, icarədən olan futbolçuların qayıtması bizim üçün yaxşı olacaq”, deyə argentinalı mütəxəssis bildirib.
Xatırladaq ki, “Çelsi” Premyer Liqanın 21 turundan 31 xalla turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb. İngiltərə Kubokunda isə “Çelsi”ini yanvarın 26-da “Aston Villa” sınağı gözləyir. “Zadəganlar” həmçinin İngiltərə Liqa Kubokunun finalına vəsiqə qazanıblar və burada “Liverpul”la qarşılaşacaqlar. Vurğulayaq ki, “Çelsi” cari mövsümdə avrokuboklarda iştirak etmir.


