“Çelsi”nin baş məşqçisi Maurisio Poçettino Premyer Liqanın 31-ci turu çərçivəsində “Mançester Yunayted”ə qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az BBC-yə istinadən xəbər verir ki, argentinalı mütəxəssis doğma meydanda qazandıqları 4:3 hesablı qələbə barədə bunları dilə gətirib:
“Çətin oyun oldu. Mən çox xoşbəxtəm, çünki qələbəyə layiq idik. Çətin idi, amma ümumilikdə biz daha yaxşı komanda idik. Oyuna çox yaxşı başladıq və qol buraxmağımız komandaya duyğusal təsir etdi. Gerçəklik budur ki, qalib gəlmək üçün həmişə daha çox şey etməlisən. Bu, azarkeşlərlə əlaqənin başlanğıcıdır və gələcəyimiz üçün çox faydalı olacaq”, deyə Poçettino vurğulayıb.
Xatırladaq ki, oyunun gedişində 2:0 hesablı üstünlüklərini əldən verib 2:3 hesabı ilə geridə olan “zadəganlar”, oyunun təzminat dəqiqələrində (90+10 və 90+11) iki qol vuraraq qələbəni bayram ediblər.
“Çelsi” 29 oyundan 43 xalla Premyer Liqanın yarış cədvəlində 10-cu pillədə qərarlaşıb. “Mançester Yunayted” isə 30 oyundan 48 xalla 6-cı pillədədir. Premyer Liqaya 30 oyundan 70 xalla “Liverepul” başçılıq edir.


