“Çelsi”nin baş məşqçisi Maurisio Poçettino İngiltərə Liqa Kubokunun yarımfinalında ilk oyunda ”Midlsbro”ya məğlubiyyətini (0:1) şərh edib.
Arena.az BBC-yə istinadən, argentinalı mütəxəssisin müvafiq xüsusda fikirlərini diqqətinizə çatdırır:
“Oyunumuz haqqında danışmaq çətindir. Bir neçə xətamız oldu. Qol vurub bizi cəzalandırdılar. Bir neçə imkan yaratdıq, amma zəif icraat göstərdik. İndi biz Şənbə günü “Fulhem” haqda düşünməli və sonra cavab oyununa hazırlaşmalıyıq. Məyus olduq, amma “Stemford Bric”də hələ 90 dəqiqəmiz var. Əminəm ki, iki həftə ərzində biz vəziyyəti dəyişə biləcəyik”, deyə Poçettino ümidlə bildirib.
Vurğulayaq ki, “Midlsbro” 2006-cı ildən bəri ilk dəfə “Çelsi”yə qol vurmağı bacarıb. “Quru silsilə”nin bütün oyunlarının cəmi 14 saat 6 dəqiqə oyun vaxtına bərabərdir. “Midlsbro”nun yeganə qolunu ingiltərəli vinger İsayya Consun məhsuldar ötürməsi ilə 37-ci dəqiqədə 21 yaşlı dayaq yarımmüdafiəçisi Heyden Ris Hakni vurub.
Digər əlamətdar məqam isə “Çelsi”nin 2015-ci ildən bəri kubok oyunlarında ilk dəfə Premyer Liqa təmsilçisi olmayan komandaya məğlub olmasıdır. O vaxtdan “zadəganlar” 28 belə rəqibə qarşı oynayıblar.
“Çelsi” cavab oyununda “Midlsbro”nu yanvarın 23-də qəbul edəcək. Oyun Bakı vaxtı ilə yanvarın 24-də saat 00:00-da başlayacaq. Yarımfinalın digər oyununda “Liverpul” və “Fulhem” finalçını müəyyən edəcəklər.


