Poqbanın agenti dopinq-test qalmaqalı ilə bağlı danışdı

“Yuventus”un fransalı yarımmüdafiəçisi Pol Poqbanın agenti Rafaela Pimenta futbolçunun müsbət dopinq-test nəticəsi haqda danışıb.

Arena.az bu barədə jurnalist Canluka Di Marsionun rəsmi saytına istinadən məlumat verir.

“Biz yoxlama testlərinin nəticəsini gözləyirik və o vaxta qədər heç nə deyə bilmərik. Şübhə doğurmayan odur ki, Pol Poqba heç vaxt qaydaları pozmaq istəməyib”, deyə Pimenta bildirib.

Xatırladaq ki, İtaliya çempionatının 2023/2024 mövsümünün 1-ci turundan sonra Poqbanın verdiyi dopinq-test müsbət nəticə verib. Futbolçunun qanında testosteron səviyyəsinin hədindən artıq yüksək olduğunu müəyyən edilib. Bu, terapevtik maddə istisnasız qəbul edilməməlidir. Müvəqqəti diskvalifikasiyanın araşdırmalarqabağı bir tədbir olduğu vurğulanır. Ümumiyyətlə isə Poqba dörd illik diskvalifikasiya ilə cəzalana bilər. “Yuventus” hələlik bu barədə rəsmi açıqlama verməyib.

Poqba açılış turunda “Yuventus”un səfərdə “Udineze”yə qarşı keçirdiyi oyunda (3:0) meydana çıxmayıb, futbolçu oyun boyu ehtiyat oyunçular skamyasını “qızdırıb”.

“Yuventus” 3 turdan sonra 7 xalla A Seriyasının turnir cədvəlində 3-cü yerdə qərarlaşıb və hərəyə 9 xal toplamış “İnter” və “Milan”ı təqib edir.

Poqba geridə qalmış mövsümündə “qoca sinyora”nın heyətində meydana çıxdığı 10 oyunda cəmi 161 dəqiqə keçirib, 1 məhsuldar ötürmə verib. Cari mövsümdə fransalı yarımmüdafiəçi turinlilərin heyətində iki oyuna çıxıb, məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.

Pol Poqbanın “Yuventus”la müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.

Poqba 2013-cü ilin mart ayında debüt etdiyi Fransa yığmasının heyətində 91 oyun keçirib. O, bu oyunlarda 11 qol vurub, 9 məhsuldar ötürmə verib və “xoruzlar”la 2018-ci ildə Rusiyada keçirilmiş dünya çempionatının qalibi olub.

“Transfermarkt” internet-portalı 30 yaşlı Pol Poqbanı 15 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: