İngiltərə Premyer Liqasının 2024/2025-ci illər mövsümü başa çatıb, “Liverpul” çempion olaraq yarış cədvəlini 84 xalla zirvədə tamamlayıb.
Arena.az yarışın yekunlarını təqdim edir.
“Arsenal” gümüş medalçı, “Mançester Siti” bürünc medalçı olub. “Çelsi” yarışı fəxri dördüncü yerdə başa vurub.
Yarış cdəvəlində ilk beşlikdə qərarlaşmış komandalar Çempionlar Liqasının növbəti mövsümündə iştirak hüququ əldə ediblər. Bu komandalar mötəbər yarışa Liqa mərhələsindən qoşulacaqlar.
Yarış cədvəlinin ilk beşliyini təqdim edirik:
- “Liverpul” – 84 xal;
- “Arsenal” – 74 xal;
- “Mançester Siti” – 71 xal;
- “Çelsi” – 69 xal;
- “Nyukasl” – 66 xal.
Həmçinin 2024/2025-ci illər mövsümünün Avropa Liqasını qazanmış “Tottenhem” Çempionlar Liqasının Liqa mərhələsindən mübarizəyə qoşulacaq. Əlavə edək ki, “mahmızlar” Premyer Liqanı 38 xalla 17-ci pillədə başa vurublar.
66 xalla 6-cı pillədə qərarlaşmış “Aston Villa” və həmçinin 53 xalla 12-ci pillədə qərarlaşmış “Kristal Pelas” növbəti mövsümdə Avropa Liqasında – Liqa mərhələsində çıxış edəcəklər. “Qartallar” yarışa İngilərə Kubokunun qalibi olaraq qatılıblar.
65 xalla 7-ci olmuş “Nottingem Forest” isə Konfras Liqasının təsnifat mərhələsinə vəsiqə qazanıb.
“Lester Siti” (25 xal, 18-ci yer), “İpsviç Taun” (22 xal, 19-cu yer) və “Sauthempton” (12 xal, 20-ci yer) Premyer Liqadan Çempionşipə yuvarlanıblar.
“Lids”, “Börnli” və “Sanderlend” Çempionşipdən Premyer Liqaya yüksəliblər.
“Liverpul”un 32 yaşlı misirli ulduz hücumçusu Məhəmməd Salah İngiltərə Premyer Liqasının 2024/2025-ci illər mövsümünün ən yaxşı oyunçusu, ən sərrast qolçusu (29 qol) və ən səmərəli oyunçusu (18 məhsuldar ötürmə) olub.



