Premyer Liqa klubları FIFA-ya üz tutdular

İngiltərə (Premyer Liqa) klubları cari transfer pəncərəsinin müddəti ilə bağlı ölçü götürülməsi üçün FIFA-ya müraciət ünvanlayacaqlar.

Arena.az bu barədə “Daily Mail”ə istinadən məlumat verir.

Mənbənin məlumatına görə, Premyer Liqa klublarının FIFA-ya xahiş müraciətinin məqsədi, Avropa transfer pəncərəsinin bağlanmasından sonra oyunçu itkisinin qarşısını almaq üçün, Səudiyyə Ərəbistanında transfer pəncərəsinin bağlanması üçün son tarixin müəyyənləşdirilərək, Avropaya uyğunlaşdırılmasıdır.

İngiltərə Futbol Assosiasiyası (FA) klublarının narahatlığından xəbərdardır və rəsmi tədbir tələbindən sonra müraciət etməyə hazırdır.

Səudiyyə Ərəbistanı Peşəkar Liqasının klubları bu yay yeni oyunçuların əldə edilməsi üçün 350 milyon avrodan çox xərc çəkiblər. Bu da dünyanın bütün liqaları arasında 5-ci göstəricidir.

Səudiyyə Ərəbistanında transfer pəncərəsi Avropanın yüksək liqalarında transfer pəncərəsinin bitməsindən 6 gün sonra, sentyabrın 7-də bağlanmalıdır. Bir çox klublar gələn ay oyunçularının daha sərfəli təkliflər alaraq komandasını tərk edəcəyindən və belə olacağı halda həmin futbolçuları əvəz etməyin mümkünsüzlüyündən ciddi ehtiyatlanırlar.

Xatırladaq ki, bir müddət əvvəl “Liverpul”un alman çalışdırıcısı Yurgen Klopp da bu xüsusda narahatlığını ifadə etmişdi. O, eyni mövqedən çıxış edərək, klubları müvafiq məsələdə FIFA-ya müraciət etməyə səsləmişdi.

Xəbəri sosial şəbəkələrdə paylaş: