Premyer Liqa: Sumqayıtın “Mehdi Hüseynzadə” həsrəti bitir

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2023/2024 mövsümünün 21-ci turunun növbəti oyunları keçiriləcək.

Arena.az xəbər verir ki, ikinci oyun günündə daha iki qarşılaşma baş tutacaq.

Günün ilk oyunu “Sumqayıt”la “Neftçi” arasında baş tutacaq. Qarşılaşma yenidən inşa olunmuş Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək. Bu, sözügedən arenada uzun illər sonra baş tutacaq ilk çempionat oyunu kimi tarixə düşəcək.

Qarşılaşmanı əlamətdar edən daha bir məqam hər iki komandanın lider “Qarabağ”ın əsas izləyiciləri olmasıdır. Belə ki, “Neftçi” hazırda 32 xalla 2-ci, “Sumqayıt” isə 31 xalla 3-cü sırada qərarlaşıb. Komandalar liderə yaxınlaşmaq üçün meydanı qələbə ilə tərk etməyə çalışacaqlar.

“Sumqayıt”la “Neftçi” indiyədək 45 oyunda üz-üzə gəliblər. Bu oyunlarda sumqayıtlılar 13, bakılılar 23 qələbə qazanıblar. 9 oyunda isə heç-heçə qeydə alınıb. Son üç görüşdə qonaq komanda qalib gəlib. “Neftçi” son 8 qarşılaşmada qol vurub.

Günün digər oyunu Qəbələdə keçiriləcək. Burada “Qəbələ” ilə “Zirə” komandaları qarşılaşacaqlar. Meydan sahibləri hazırda 14 xalla sonuncu pillədə qərarlaşıblar və bu oyunda qələbə qazanmaqla ən azı “Kəpəz”ə çatmağa çalışacaqlar. “Zirə” isə yenidən ilk üçlüyə qayıtmaq üçün Qəbələdən 3 xalla dönməyə borcludur.

“Qəbələ” ilə “Zirə” indiyədək 33 oyunda qarşılaşıblar. Bu oyunlarda əyalət təmsilçisi 12, qəsəbə təmsilçisi 7 qələbə qazanıb. 14 oyunda isə heç-heçə qeydə alınıb. “Qəbələ” son 3 ev görüşündə qələbə qazanıb. Son iki qarşılaşmada bir top vurulub.

Premyer Liqa
21-ci tur
3 fevral

“Səbail” – “Qarabağ” 1:2
Qollar: Pedro Nuno, 67-pen – Toral Bayramov, 14-pen. Yassin Benzia, 59-pen.
Hakimlər: Cavid Cəlilov, Vüsal Məmmədov, Cəmil Quliyev, Rauf Allahverdiyev.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: İlham Əliyev.
“Bayıl Arena”, 15:00.

“Sabah” – “Turan Tovuz” 1:1
Qollar: Kahim Parris, 23 – Aleks Souza, 11.
Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Zöhrab Abbasov, Kamran Əliyev.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Anar Şixəliyev.
“Masazır Arena”, 17:30.

4 fevral

“Sumqayıt” – “Neftçi”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Vüqar Həsənli.
Hakim-inspektor: Barış Şimşek.
AFFA nümayəndəsi: Elçin Mehtiyev.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu, 15:00.

“Qəbələ” – “Zirə”
Hakimlər: Rəşad Əhmədov, Şirmamed Mamedov, Asiman Əzizli, Nicat İsmayıllı.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: Bəhram Qurbanov.
Qəbələ şəhər stadionu, 17:30.

5 fevral

“Kəpəz”– “Araz-Naxçıvan”
Hakimlər: Kamal Umudlu, Kamran Bayramov, Teymur Teymurov, Əli Əliyev.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Asif Əliyev.
Qəbələ şəhər stadionu, 15:00.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: