Fransa milli komandasının və PSJ klubunun müdafiəçisi Presnel Kimpembe zədə səbəbindən bu mövsümü erkən başa vurub. Arena.az xəbər verir ki, bu barədə Paris təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Xəbərdə bildirilir ki, futbolçunun sağ ayağından aldığı zədə ciddidir. Məhz bu səbəbdən o, yaxın günlərdə əməliyyat olunacaq.
Xatırladaq ki, fransalı müdadiəçi Liqa 1-in 25-ci turu çərçivəsində ötən gecə baş tutan Marsel “Olimpik”i ilə səfər oyununda sıradan çıxıb. O, qarşılaşmanın 16-cı dəqiqəsində aldığı ağır zədə səbəbindən meydanı xərəkdə tərk eməli olub. Məşqçilər korpusu mərkəz müdafiəçisinin əvəzində Danilo Pereyranı meydana buraxıblar. Komandası isə bu səfər matçından 3:0 hesablı qələbə ilə ayrılıb.
Presnel Kimpembe PSJ-nin öz yetirməsidir. 27 yaşlı futbolçu 2014-cü ildən bu klubun əsas komandasında forma geyinir. O, Paris təmsilçisində meydana çıxdığı 236 oyunda 3 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
Kimpembe 2018-ci ildən Fransa yığmasına da dəvət alır. Millidə 28 oyun keçirmiş müdafiəçi, zədə səbəbindən 2022-ci ildə Qətərdə keçirilən dünya çempionatında da iştirak edə bilməmişdib. O, cari mövsümdə PSJ-də 15 oyuna çıxıb.


