Premyer Liqanın 6-cı turunda “Qarabağ”la qarşılaşmış “Qəbələ”də Prins Ovusu erkən qırmızı vərəqə almaqla diqqət mərkəzinə düşdü.
Arena.az xatırladır ki, gənc futbolçu Ağdam təmsilçisi ilə səfər oyununun 1-ci dəqiqəsində komandasını azlıqda qoyub.
Bununla da Prins Ovusu Premyer Liqanın PFL bayrağı altında keçirildiyi dövr üçün antirekorda imza atıb. 2008-ci ilin yayından indiyə qədər heç bir futbolçu belə erkən qırmızı vərəqə almamışdı.
Bunadək 17 ilin antirekordu Dedimar Fereyraya məxsus idi. “Kəpəz”in futbolçusu 2017/2018-ci illər mövsümündə “fərqlənmişdi”. O, 2017-ci il noyabrın 18-də “Səbail”lə ev matçının (2:3) 5-ci dəqiqəsində komandasını azlıqda qoymuşdu.
“Zirə”nin futbolçusu Milan Duriç 2017/2018, “Turan Tovuz”un oyunçusu Faiq Hacıyev 2023/2024 mövsümündə 9-cu dəqiqədə qırmızı vərəqə almışdı. Hər iki oyunçu “Kəpəz”ə qarşı matçda cəzalanmışdı.
Qeyd edək ki, “Qəbələ” səfər matçında “Qarabağ”a 0:2 hesabı ilə uduzub.


