PSJ fanatları meyxanada “Nyukasl” tərəfdarlarına hücum çəkdilər

“Nyukasl” tərəfdarları Parisdəki meyxanaların birində pivə “dartıb” istirahətdə ikən, qəfildən PSJ azarkeşlərinin hücumuna məruz qalıblar.

Arena.az bu barədə “RMC Sport” dərgisinə istinadən məlumat verir.

Hadisə gecə saatlarında baş verib və hiddətə köklənmiş ifrat PSJ tərəfdarları tərəfindən törədilib. Qarşıdurmanın miqyası, dəymiş ziyan haqda rəsmi məlumat verilməyib. Münaqişəyə təxribatın da səbəb ola biləcəyi ehtimalı var.

Xatırladaq ki, “Nyukasl” sabah, noyabrın 29-da UEFA Çempionlar Liqasının qrup mərhələsinin 5-ci turu çərçivəsində PSJ-nin qonağıdır. “Sağsağanlar” tərəflər arasında İngiltərədə keçirilmiş ilk oyunda parisliləri gözlənilmədən yaxşıca kötəkləyiblər – 4:1.

Hazırda Dortmund “Borussiya”sının 7 xalla lider olduğu “F” qrupunda PSJ 6 xalla 2-ci, “Milan” 5 xalla 3-cü, “Nyukasl” isə 4 xalla sonuncudur. Göründüyü kimi, qarşıdakı oyunlar qızğın və güzəştsiz mübarizə vəd edir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: