PSJ futbolçuları Luis Enrikedən narazıdırlar – Səbəb

Fransa nəhəngi PSJ-nin bəzi oyunçuları komandanın ispan baş məşqçisi Luis Enrikenin taktiki çevikliyinin olmamasından qıcıqlanırlar.

Arena.az bu barədə nüfuzlu fransız nəşri “Ekip”ə istinadən məlumat verir.

Mənbənin məlumatına görə, ispan mütəxəssisin bəzi futbolçuların güclü tərəflərindən istifadə etməməsi, xüsusən də komandanın cinah hücumçuları Bradli Barkola və Usman Dembelenin keçid mərhələlərində yaratdığı təhlükə mənzərəsində, onların Luis Enrikenin oyun fəlsəfəsinə uyğun gəlmədikləri üçün istifadəsiz qalmaları bir sıra futbolçuların xoşuna gəlmir.

Həmçinin, PSJ futbolçuları ispan məşqçinin göstərişlərinə şübhəsiz əməl etmədikləri halda onlara qarşı göstərdiyi dözümsüzlüyünü bəyənmirlər. Enrikenin isə komandanın oyun tərzində heç bir dəyişiklik etmək fikrində olmadığı vurğulanır.

7 turdan sonra PSJ 17 xal toplayıb və 2 xal geri qaldığı lider “Monako”nu Fransa Liqa 1-in yarış cədvəlində 2-ci pillədən təqdib edir.

Xatırladaq ki, Enrike PSJ-ni 2023-cü ilin iyulundan çalışdırır. İspan mütəxəssisin Fransa nəhəngi ilə cari müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Enrike PSJ-ni ümumilikdə 62 oyuna çıxarıb. Parislilər 40 qələbə qazanıblar, 14 heç-heçə ediblər və 8 oyunda məğlubiyyətə üzülüblər.

Luis Enrike PSJ ilə 2023/2024-cü illər mövsümündə “qızıl üçlük” əldə edib – Fransa Liqa 1-in, Fransa Kubokunun və Fransa Super Kubokunun qalibi olub.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: