PSJ “Milan”ın tarixi rekordunu qırdı

Fransa Liqa 1-in 30-cu turu çərçivəsində keçirilmiş “Nant”la ev oyunu Fransa nəhəngi PSJ üçün tarixi rekordla əlamətdar olub.

Arena.az məlumat verir ki, Paris klubu “bülbüllər”lə oyunda qələbəni əldən verib heç-heçə (1:1) ilə barışsa da, “Milan”a məxsus tarixi rekordu qırıb.

Söhbət Avropanın böyük futbol beşliyi ölkələrinin milli çempionatları çərçivəsində səfər oyunlarında ardıcıl məğlubiyyətsizlik silsiləsindən gedir. Parislilər artıq 39 oyundur ki, yerli çempionatın səfər oyunlarında məğlubiyyət tanımırlar – 30 qələbə, 9 heç-heçə.

Xatırladaq ki, “Milan” 38 oyundan ibarət müvafiq silsiləsini 1993-cü ildə müəyyənləşdirmişdi.

Fransa nəhənginin ispan baş məşqçisi Luis Enrike Paris klubunun bu tarixi uğuruna münasibətini açıqlayıb:

“Milan”ın müəyyənləşdirdiyi rekordu qırmaq – bu, həqiqətən də mühüm hadisədir, bu, heyranedicidir. Bu silsilə hələ Kristof Qaltyenin dönəmində başlayıb və mən ona öz hörmətimi bildirirəm və onun qarşısında şlyapamı çıxarıram. Hər şey gözəl görünür, bircə bugünkü nəticə istisna olmaqla (heç-heçəni nəzərdə tutur – redaktorun qeydi). Biz qələbəyə can atırdıq”, – “Ekip” nəşri ispan mütəxəssisdən sitat gətirir.

30 oyundan 78 xalla PSJ Fransa Liqa 1-in yarış cədvəlinin zirvəsində qərarlaşıb. “Nant” isə 31 xalla 14-cü pillədədir.

Xatırladaq ki, Paris təmsilçisi Fransa Liqa 1-in cari mövsümünün çempionluğunu erkən surətdə təmin edib.

Xəbəri sosial şəbəkələrdə paylaş: