PSJ-nin qapıçısı Serxio Riko komadan ayıldı

PSJ-nin ispan qapıçısı Serxio Rikonun həyat yoldaşı Alba Silva futbolçunun vəziyyəti ilə bağlı şad xəbəri açıqlayıb.

Arena.az “TeleCinco”ya istinadən xəbər verir ki, Serxio Riko koma vəziyyətindən çıxıb.

Serxio Rikonun həyat yoldaşı bu barədə deyib: “Belə, biz hələ də buradayıq, irəliyə kiçik addımlar atırıq. Əvvəlcə o, işığı ayırd etməyə başladı… Yavaş-yavaş, ancaq mən əvvəldən bilirdim ki, o, qurtulacaq… Amma bu, mürəkkəb prosesdir, çox səbr lazımdır”.

Həftəsonu həkimlər 29 yaşlı qapıçının üzərindən sakitləşdirici dərmanı götürmək qərarına gəliblər və bu, nəhayət öz bəhrəsini verib.

Xatırladaq ki, Serxio Riko mayın 28-də baş verən qəzadan sonra ağır vəziyyətdə süni komaya salınıb. Komadan çıxan Serxio Riko gözlərini açıb, palatada olan yaxınlarını tanıya bilib.

Yoldaşının durumundan danışan həyat yoldaşı Alba Silva həkimlərə və xəstəxana işçilərinə də təşəkkürünü bildirib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: