Qədir Hüseynov Azərbaycan çempionu oldu

Qədir Hüseynov şahmatın rapid və blits növləri üzrə 24-26 noyabr aralığında təşkil olunmuş Azərbaycan çempionatının qalibi olub.

Arena.az xəbər verir ki, kişilər arasında keçirilmiş Azərbaycan çempionatına ötən gün yekun vurulub.

Bakı Şahmat Klubunda təşkil olunmuş yarışda şahmatçılar əvvəlcə rapid, son gün isə blitsdə mübarizə aparıblar. Yekunda hər iki növdə nəticələrin cəmi üzrə qaliblər müəyyənləşib.

İki yarışın yekununa əsasən 11 xal toplayan Qədir Hüseynov Azərbaycan çempionatının qalibi olub. Abdulla Qədimbəyli 9,5 xalla ikinci yeri tutub. Hərəyə 9 xal toplayan Kənan Qarayevlə Əhməd Xaqan müvafiq olaraq 3-4-cü yerləri bölüşdürüblər. Əlavə göstəricilərdə üstün olan Kənan Qarayev turniri üçüncü yerdə başa vurub.

Kişilər arasında rapid və blits üzrə Azərbaycan çempionatının mükafat fondu 5000 manat təşkil edib.

Qeyd edək ki, Azərbaycan çempionatı dekabrda Özbəkistanın Səmərqənd şəhərində keçiriləcək rapid və blits üzrə dünya çempionatlarına seçmə xarakter daşıyırdı. Reqlamentə əsasən, ilk üç yeri tutan şahmatçılar ölkəmizi mundiallarda təmsil etmək hüququ qazanıblar.

Sonda onu da xatırladaq ki, bu gündən etibarən qadınlar arasında da eyni yarışa start veriləcək. Qadınların mübarizəsi 27-29 noyabrda Azərbaycan Şahmat Federasiyasının mənzil-qərargahında təşkil ediləcək. Reqlamentə əsasən ilk üç yeri tutacaq şahmatçılar dünya çempionatında Azərbaycanı təmsil edəcəklər. Qadınların yarışında mükafat fondu 3000 manat təşkil edir.

Xəbəri sosial şəbəkələrdə paylaş: