Qabriel Maqalyayns “Arsenal”la yeni müqaviləyə imza atdı

Braziliya millisinin və London “Arsenal”ının mərkəz müdafiəçisi Qabriel Maqalyayns İngiltərə klubu ilə yeni müqaviləyə imza atıb.

Arena.az bu barədə İngiltərə klubunun mətbuat xidmətinə istinadən xəbər verir.

27 yaşlı müdafiəçi ilə yeni müqavilənin müddəti 2029-cu ilin 30 iyununa qədər nəzərdə tutulub. Tərəflər arasındakı əvvəlki sözləşmənin müddəti 2027-ci ilin 30 iyununda bitəcəkdi.

Qabriel dos Santos Maqalyayns Braziliyanın “Avai” klubunun yetirməsidir. Braziliyalı müdafiəçi Fransanın “Lill”, “Trua”, Xorvatiyanın “Dinamo” (Zaqreb) klublarında da çıxış edib. “Arsenal” Qabrieli 2020-ci ilin sentyabrında “Lill”dən 26 milyon avro müqabilində transfer edib.

Maqalyayns geridə qalmış 2024/2025-ci illər mövsümündə meydana çıxdığı 42 oyuna 5 qol vurub, 3 məhsuldar ötürmə müəllifi olub. Qabrielin “Arsenal” karyerası bütövlükdə 210 oyun, 20 qol və 4 məhsuldar ötürmədən ibarətdir.

Braziliyanın U-20 və U-23 yığmalarında da oynamış Qabriel Maqalyayns 2023-cü ilin sentyabrında əsas millidə də debüt edib. O, Braziliya milli komandasının heyətində meydana çıxdığı 14 oyunda 1 qol vurub.

“Transfermarkt” internet-portalı 27 yaşlı müdafiəçinin transfer dəyərini 75 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: