Qabriel Slonina “Çelsi”yə qayıtdı

Amerika Birləşmiş Ştatları (ABŞ) yığmasının qapıçısı Qabriel Slonina icarədə olduğu “Barnsli”dən ayrılaraq “Çelsi”nin düşərgəsinə qayıdıb.

Arena.az xəbər verir ki, bu barədə London klubunun mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, “Çelsi” 20 yaşlı qolkiperi vaxtından əvvəl geri çağırıb. Buna İngiltərənin 3-cü liqa təmsilçisində icarə əsasında çıxış edən 20 yaşlı qapıçının barmağından aldığı zədə səbəb olub. Onun bir neçə ay oynamayacağını nəzərə alan “Barnsli” icarə müqaviləsinə xitam verib.

Xatırladaq ki, “Barnsli” Qabriel Sloninanı bu mövsümün əvvəlində “Çelsi”dən bir mövsümlük icarəyə götürmüşdü. 20 yaşlı qolkiper bu komandanın heyətində 14 oyuna çıxıb, 24 qol buraxıb və 2 dəfə qapısını toxunulmaz saxlayıb.

Qabriel Slonina “Çikaqo”nun yetirməsidir. “Çelsi” onu 2022-ci ilin avqustunda 9,9 milyon avroya məhz ABŞ klubundan transfer edib. 20 yaşlı qolkiperə “zadəganlar”ın əsas komandasında debüt qismət olmayıb. O, daha öncə Belçikanın “Eupen” klubunda da icarədə olub.

Birləşmiş Ştatların müxtəlif yaş qrupları üzrə yığmalarında oynamış Slonina, 2023-cü ildə əsas millidə də debüt edib.

“Transfermarkt” internet-portalı 20 yaşlı qolkiperin transfer dəyərini 4 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: