Türkiyənin “Qalatasaray” klubu heyətini yeni futbolçu ilə gücləndirib. Arena.az xəbər verir ki, İstanbul təmsilçisi İspaniyanın “Barselona” klubunun qapıçısı İnyaki Penyanı heyətinə qatıb.
Bu barədə Türkiyə klubunun rəsmi saytı məlumat yayıb. 22 yaşlı qolkiper bu mövsümün sonuna kimi icarə əsasında “Qalatasaray”ın uğurları üçün çalışacaq.
İnyaki Penya “Barselona”nın yetirməsidir. O, indiyə qədər Kataloniya klubunun yalnız B komandasında oynamaq şansı qazanıb. Əsas komandada üçüncü qapıçı gözü ilə baxılan Penya, İspaniyanın aşağı yaş qrupları üzrə yığmalarının da formasını geyinib.
Türkiyə mətbuatının yazdığına görə, “Qalatasaray” sabiq hücumçusu Bafetimbi Qomesi də heyətinə qatmaq üzrədir. Artıq tərəflər arasında bütün məsələlərdə razılıq əldə olunduğu bildirilir. Fransalı hücumçunun tezliklə İstanbula gələcəyi və rəsmi müqaviləyə imza atacağı gözlənilir. Sabiq klubu ilə ilyarımlıq anlaşan futbolçunun qazancı isə 2 milyon 250 min avro olacaq.
Bafetimbi Qomis son olaraq “Əl Hilal” klubunun uğurları üçün çalışıb. 36 yaşlı forvard 4 il öncə məhz “Qalatasaray”dan ayrılaraq sözügedən klubla müqavilə imzalamışdı. Bu komandada 150 oyuna çıxan futbolçu, 108 qol vurub. Hücumçu Səudiyyə Ərəbistanı təmsilçisindən azad agent kimi ayrılıb. Bu üzdən də İstanbul klubu ona görə heç bir transfer haqqı ödəməyəcək.
Hazırda 36 yaşı olan Qomis daha öncə 2017/18 mövsümündə Türkiyə nəhənginin formasını geyinib. Həmin mövsüm Super Liqada meydana çıxdığı 33 oyunda 29 qola imza atan fransalı qoleador, bombardir olmuşdu. Fransa yığmasının sabiq üzvü karyerası ərzində “Sent-Etyen”, “Trua”, “Olimpik” (Lion), “Suonsi Siti”, “Olimpik” (Marsel) kimi klublarda da oynayıb.
Yeri gəlmişkən, “Əl Hilal” Bafetimbi Qomis ayrılan kimi, onun əvəzinə yeni hücumçu transfer edib. Səudiyyə Ərəbistanı təmsilçisi Odion İqalonu heyətinə qatıb. “Əl Şabab”dan transfer olunmuş nigeriyalı forvardla 1.5 illik müqavilə imzalanıb. 32 yaşlı futbolçu ötən mövsüm icarə əsasında İngiltərənin “Mançester Yunayted” klubunda icarədə də oynamış, ardından “Əl Şabab”a üz tutmuşdu. O, bu komandanın heyətində meydana çıxdığı 32 matçda 22 qola imza atıb.


