Azərbaycan çempionu “Qarabağ” iyulun 5-də Avstriya toplanışını başa vuraraq İspaniyanın Marbelya bölgəsinə yollanacaq.
Arena.az xəbər verir ki, bu barədə Ağdam klubunun mətbuat xidməti məlumat yayıb.
Xəbərdə bildirilir ki, burada 4 gün məskunlaşacaq komanda iyulun 9-da UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsinin “Linkoln” ilə ilk oyunu üçün Cəbəllüttariqə yollanacaq.
Qeyd edək ki, Ağdam təmsilçisi Avstriyada son yoxlama oyununu iyulun 4-də Bolqarıstanın ÇSKA (Sofiya) klubuna qarşı keçirəcək. Qurban Qurbanovun yetirmələri əvvəlki sınaq matçlarında Macarıstan “Ferentsvaroş”u ilə “sülh bağlayıb” (3:3), Polşa “Legiya”sına (Varşava) məğlub olub – 0:2.
Azərbaycanı UEFA Çempionlar Liqasında təmsil edəcək “Qarabağ” qitənin ən nüfuzlu klub turnirinin 1-ci təsnifat mərhələsində “Linkoln”la qarşılaşacaq. Cəbəllüttariq çempionu ilə ilk oyun iyulun 11-də səfərdə, cavab görüşü isə ayın 19-da Bakıda baş tutacaq.


