“Qarabağ” Konfrans Liqasında mübarizəni dayandırdı

“Qarabağ” bu gün Avropa Konfrans Liqasında Marsel “Olimpik”i ilə (Fransa) pley-off mərhələsinin cavab oyununa çıxıb. Arena.az xəbər verir ki, ilk oyunda bu rəqibinə 1:3 hesabı ilə uduzan Ağdam təmsilçisi doğma meydandakı cavab qarşılaşmasında qələbə qazanmağa çalışıb.

Lakin bu dəfə də 3 qola üzülən Azərbaycan təmsilçisi mübarizəni dayandırmaq məcburiyyətində qalıb. Baxmayaraq ki, ilk oyunda olduğu kimi, cavab görüşündə də oyuna diqtə edən tərəf Ağdam klubu olub.

“Qarabağ” cavab oyununda bütün Avropaya səs salan əsl feyr-pley nümunəsi də nümayiş etdirib. Belə ki, 12-ci dəqiqədə hesabda geriyə düşən Azərbaycan təmsilçisi 34-cü dəqiqədə bərabərlik qolunu vurub. İbrahima Vadji topu tora əli ilə daxil etsə də, bu, hakimlərin diqqətindən yayınıb. Konfrans Liqasında VAR sistemindən istifadə olunmadığı üçün matçın baş hakimi qolu qeydə alıb. Fransa klubunun futbolçuları dərhal hakimlərə etiraz etməyə başlayıblar. Onlar hətta “Qarabağ”ın futbolçuları ilə də mübahisə ediblər. Nəticədə qarşılaşmanın polşalı baş hakimi bir neçə futbolçuya sarı vərəqə də göstərib.

Yalnız “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov İbrahima Vadjini yanına çağıraraq onunla söhbətləşdikdən sonra futbolçu qolu əli ilə vurduğunu hakimə etiraf edib. Polşalı referi məhz bundan sonra qolu ləğv edib.

Sonda onu da xatırladaq ki, “Qarabağ” tarixində ilk dəfə olaraq avrokuboklarda qrupdan çıxaraq, pley-off mərhələsində mübarizə aparırdı. Bu, Azərbaycan futbolu tarixində bir ilkdir.

Avropa Konfrans Liqası
1/16 finalın cavab oyunu
24 fevral

Qarabağ – Olimpik (Marsel) 0:3
Qol: P.Qeye, 12. M.Genduzi, 77. K.D.La Fuente, 90+2.
Hakimlər: Bartoş Frankovski, Martsin Bonek, Yakub Vinkler, Kjiştof Yakubik (hamısı Polşa).
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.
İlk oyun: 1:3.

Qarabağ: 23. Luka Quqeşaşvili, 2. Qara Qarayev 5. Maksim Medvedev, 6. Patrik Andrade, 10. Abdullah Zubir, 19. Filip Ozobiç, 20. Kadi Borges, 25. İbrahima Vadji, 27. Toral Bayramov 29. Marko Veşoviç, 81. Kevin Medina.
Ehtiyat oyunçular: 12. Emil Balayev, 89. Amin Ramazanov, 7. Riçard Almeyda, 13. Bəhlul Mustafazadə, 15. Leandro Andrade, 18. İsmayıl İbrahimli, 22. Musa Qurbanlı, 30. Abbas Hüseynov, 44. Elvin Cəfərquliyev, 55. Bədavi Hüseynov, 77. Ramil Şeydayev, 97. Rüstəm Əhmədzadə.
Baş məşqçi: Qurban Qurbanov.

Olimpik: 30. Stiv Mandanda, 2. Vilyam Saliba, 4. Bubakar Kamara, 6. Matteo Genduzi, 10. Dmitri Payet, 12. Bamba Dyenq, 13. Sedrik Bakambu, 14. Luan Peres, 15. Due Çaleta-Çar, 21. Valenten Ronjye, 22. Pape Qeye.
Ehtiyat oyunçular: 1. Simon Nqapanduentpu, 16. Pau Lopes, 3. Alvaro Qonsales, 5. Leonardo Balyerdi, 7. Amin Arit, 8. Jerson, 9. Arkadiuş Milik, 17. Cengiz Ündər, 20. Konrad de la Fuente, 23. Sead Kolaşinats, 29. Pol Lirola.
Baş məşqçi: Xorxe Sampaoli.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: