“Qarabağ” növbəti mərhələdə, “Kür”lə “Azəryol”dan erkən vida

Azərbaycanın qadın həndbolçulardan ibarət “Qarabağ”, “Azəryol” və “Kür” komandaları bu gün Avropa Kubokunda növbəti oyunlarına çıxıblar.

Arena.az xəbər verir ki, bu turnirin 2-ci mərhələsinin cavab oyununda Lüksemburqun “Differdanj” komandası ilə üz-üzə gəlib.

Qarşılıqlı razılığa əsasən, hər iki matç Bakıda baş tutub. Dünən ilk görüşdə rəqibini məğlub edən “Qarabağ” cavab oyununda nominal qonaq sayılıb. Fasiləyə “Differdanj” üstün yollansa da, ikinci hissədə daha yaxşı oynayan təmsilçimiz 1 top fərqi ilə qalib gəlib və növbəti mərhələyə yüksəlib.

“Azəryol” isə Ukrayna təmsilçisi “Qaliçanka” ilə üz-üzə gəlib. İlk qarşılaşmada uduzan “Azəryol” öz meydanındakı qarşılaşmaya nominal qonaq qismində çıxıb. Ukraynalılar bu dəfə də daha yaxşı oynayaraq inamlı qələbə qazanıblar.

“Kür” də Yunanıstan təmsilçisi “İonias”la cavab qarşılaşmasına çıxıb. Bu matç Afinada baş tutub. Bir gün əvvəl nominal meydan sahibi kimi məğlub olan “Kür” bu dəfə qonaq kimi mübarizə aparıb. Bu dəfə də yunanlar üstün oyun nümayiş etdiriblər. Təmsilçimiz yekunda 22:33 hesabı ilə uduzub.

Beləliklə, “Qarabağ” növbəti mərhələyə vəsiqə qazansa da, “Kür”lə “Azəryol” Avropa Kubokuna elə startdaca vida ediblər.

Qeyd edək ki, 3-cü mərhələnin matçları noyabrın 10-16-da keçiriləcək.

Avropa Kuboku
2-ci mərhələnin cavab oyunları
6 oktyabr

“Differdanj” (Lüksemburq) – “Qarabağ” (Azərbaycan) – 25:26 (11:9)
Hakimlər: Svetoslav Yovçev, Zvezdalin Yonçev (hər ikisi Bolqarıstan)
Bakı. “AHF Arena”.
İlk oyun – 24:27.

“Qaliçanka” (Ukrayna) – “Azəryol” (Azərbaycan) – 32:16 (19:8)
Hakimlər: Stefan İvanoviç, Marko Vuyisiç (hər ikisi Monteneqro)
Bakı. “AHF Arena”.
İlk oyun – 36:22.

“İonias” (Yunanıstan) – “Kür” (Azərbaycan) – 33:22 (19:10)
Hakiimlər: Militsa Paviçeviç, Sladyana Martinoviç (hər ikisi Monteneqro)
Afina. “Nea İonia Gimnastrium”.
İlk oyun – 32:25.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: