Qreqq Berhalter yenidən ABŞ millisinin baş məşqçisi təyin olundu

Amerika Birləşmiş Ştatlarının (ABŞ) futbol üzrə milli komandasının sabiq baş məşqçisi Qreqq Berhalter yenidən bu posta qaytarılıb.

Arena.az xəbər verir ki, bu barədə yerli federasiyanın rəsmi saytı məlumat yayıb.

Xəbərdə bildirilir ki, amerikalı mütəxəssislə 2026-cı ilə kimi müqavilə imzalanıb. 49 yaşlı mütəxəssis komandanı 2026-cı ildə ABŞ, Kanada və Meksikanın ev sahibliyi edəcəyi dünya çempionatına hazırlayacaq.

Xatırladaq ki, Qreqq Berhalter daha əvvəl 2018-2022-ci illər aralığında ABŞ seçməsinə rəhbərlik edib. O, bu komandanı DÇ-2022-də 1/8 finala çıxarıb. Təcrübəli mütəxəssis bu ilin yanvarından işsiz idi. Milli komanda onun rəhbərliyi altında indiyə qədər 60 oyun keçirib. Həmin oyunlarda 37 qələbə, 12 heç-heçə və 11 məğlubiyyət qeydə alınıb.

Berhalter daha öncə “Los Anceles Qalaksi”də köməkçi məşqçi, İsveçin “Hammarbü” və Amerikanın “Kolambus Kryu” klublarında da baş məşqçi kimi çalışıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: