Qriqorçuq Anrey Ştoqrinin “Neftçi”yə transferini şərh etdi

“Neftçi” PFK-nın baş məşqçisi Roman Qriqorçuk həmyerlisi Andrey Ştoqrinin paytaxt klubuna transfer olunmasına münasibət bildirib.

Arena.az xəbər verir ki, ukraynalı mütəxəssis həmyerlisinin “Neftçi” üçün vacib fiqur olacağına inandığını bildirib:

“İnanıram ki, Andrey komandamız üçün vacib fiqur olacaq. O, bir neçə mövqedə oynamağı bacaran universal və ağıllı futbolçudur. Ştoqrin həm hücumda, həm də müdafiədə eyni gücdə mübarizə apara bilir. Taktiki planda çox savadlı, fiziki anlamda isə qüvvətlidir. Ona ümidlərimiz böyükdür”, deyə Qriqorçuk klubun rəsmi saytına açıqlamasında bildirib.

Xatırladaq ki, Ukraynanın “Çernomorets” (Odessa) klubundan transfer olunmuş 25 yaşlı futbolçu “Neftçi” ilə 3 illik müqavilə imzalayıb. O, yeni komandasında 88 nömrəli formanı geyinəcək.

Üç fərqli mövqedə – hücumun hər iki cinahında və mərkəzində oynamağı bacaran Ştoqrin 2018-ci ildən yetirməsi olduğu “Çernomorets”in əsas komandasında çıxış etməyə başlayıb. Odessa təmsilçisinin əsas heyət üzvü olan hücumçu 2023/2024 mövsümündə 34 oyun keçirib, 12 qol vurub. Onun “Çernomorets” karyerası bütövlükdə 114 oyun, 18 qol və 10 məhsuldar ötürmədən ibarətdir.

Xəbəri sosial şəbəkələrdə paylaş: