“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 11-ci turunda “Şamaxı”ya qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, təcrübəli mütəxəssis 3:0 hesabıyla qalib gəldikləri oyundan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
“Futbolçularımı təbrik edirəm. Vacib qalibiyyət idi. Xüsusən də, birinci hissədə çox yaxşı müdafiə olunan komandaya qarşı oynayırdıq. Rəqib sıx və kompakt çıxış edirdi. Bu səbəbdən 1-2 qol vəziyyəti yarada bildik. Ancaq ikinci hissədə açıq oyun getdi. Buna görə də futbolçularımız üçün oynamaq daha rahat oldu. Çempionatda yerimizi qorumaq üçün vacib qalibiyyət oldu. Matçın əvvəlindən mənə və komandamıza dəstək olan azarkeşlərimizə təşəkkür edirəm. Bizə olan sevgilərini, inamlarını göstərdilər. Bu, hamımız üçün çox xoş oldu”.
Baş məşqçi braziliyalı hücumçu Juninyo Olavionun görüşdə iştirak etməməsinin səbəbini də izah edib: “Son oyunda əzələsində ağrı hiss olundu. Həkimlər risk etməyin tərəfdarı olmadılar. Bu səbəbdən Juninyonun adını matçın iştirak ərizəsinə salmamışdıq”.
Qurban Qurbanov Avropa Liqasında qarşılaşacaqları rəqibləri təhlil etdiklərini sözlərinə əlavə edib: “Bütün rəqiblərimizin oyununa baxmışam, hamısı barədə məlumatım var. Lakin görüşlərdən öncə tam dərindən analiz edəcəyik”.
Ayxan Abbasov yenə hakimlikdən şikayətləndi
“Şamaxı”nın baş məşqçisi Ayxan Abbasov isə komandasının məğlubiyyətinə belə şərh verib:
“Birinci hissədə yaxşı çıxış etdik. Bəlkə də Georgi Kantariyanın epizodu qol olsaydı, hər şey bizim üçün daha yaxşı alınardı. İkinci hissə isə qapımıza təyin olunmuş penalti ilə başladı. Ondan sonra istər-istəməz hücum etməyə çalışdıq, oyun açıldı. Rəqib də bundan istifadə etdi. Klub olaraq bu cür oyunlara ehtiyacımız var. Qarşıda bizi daha çətin matçlar gözləyir. Evdə və səfərdə bəzi oyunlar bizim üçün kritik olacaq, xallar qazanmalıyıq. Üç gündən sonra kubok matçı var. Ondan sonra “Zirə” ilə görüşə hazırlaşacağıq”.
Ayxan Abbasov növbəti dəfə hakimlikdən narazılığını dilə gətirib:
“Artıq hakimlikdən danışmaq istəmirəm. Hər oyundan sonra hakimlikdən danışıram. Mənim də xoşum gəlmir. Mənə görə o epizodda penalti yoxdur. Qaydalar deyir ki, topa toxunuşdan sonra sərt dəyərsənsə, penaltidir. Sərt dəymirsənsə, penalti deyil. Bu epizodda Adil topu çıxarır. Aleksey Kaşukun sürətinin qarşısını almadı. Kaşuk özü də yıxılırdı. Ondan sonra oyunun içində foullar var, verilmir. Hərdən “təzə qaydalar-təzə qaydalar” deyirlər… Deyəsən, Azərbaycanda futbol dəyişdirilib, bizim xəbrimiz yoxdur.
Hakimlər də səhv edə bilər. Onların üzərinə çox düşürük. Bəlkə hərdən onlarda da bizə qarşı aqressiya yaranır ki, baş məşqçilər hər oyundan sonra hakimlik barədə danışır. Ancaq gerçək budur ki, performans yüksəlməlidir. Baxırıq da, oyunlar var orada penalti verirlər, bu oyunda eyni epizod olur, vermirlər”.


