Futbol üzrə Rusiya yığmasının Niderlanddan olan sabiq baş məşqçisi Qus Hiddink vaxtilə bu komandaya rəhbərlik etməsindən danışıb.
Arena.az Hiddinkin “Çempionat”a müsahibəsi zamanı bu xüsusda səsləndirdiyi fikirləri diqqətinizə çatdırır:
“Mən öz komandamla fəxr edirdim və hələ də fəxr edirəm. Rusiya yığma komandasının oyunçuları sadəcə inanılmaz futbol oynayırdılar! Böyük məmnuniyyətlə onların futbol meydanında məharətindən və yaradıcılığından həzz alırdım. Əminliklə deyə bilərəm ki, Rusiya yığması mənim çalışdırdığım ən yaxşı komandalardan biridir”.
Xatırladaq ki, Qus Hiddink dörd il (2006-2010-cu illər) Rusiya yığmasını çalışdırıb. Onun rəhbərliyi altında Rusiya yığması 2008-ci il Avropa çempionatına vəsiqə qazanıb, turnirin yarımfinala yüksəlib və bürünc medal qazanıb. Hiddinkin rəhbərlik etdiyi kollektiv AÇ-2008-in 1/4 final mərhələsində Niderland yığması üzərində 3:1 hesablı qələbə qazanmaqla turnirin ən böyük sensasiyasına imza atmışdı. 25 dekabr 2008-ci ildə Hiddink “Bədən tərbiyəsi və idman sahəsində xidmətlərinə görə” “Rusiyanın əməkdar məşqçisi” adına layiq görülüb.


