“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Premyer Liqasının 31-ci turunda “İmişli”yə qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Qubada baş tutmuş görüşündə qalib müəyyənləşməyib – 0:0.
Rəşad Sadıqov matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:
“Olduqca ağır oyun oldu. Meydançanın vəziyyətini gördünüz. Futbolçular 90 dəqiqə ərzində çox istəkli idilər. Qələbə qazanmaq üçün əllərindən gələni etdilər. Amma sonluğu gətirə bilmədik. Məyusuq. Qələbə qazanmaq istəyirdik. Artıq önümüzdəki oyunlara hazırlaşmalıyıq.
Üstün tərəf biz idik, yaxşı qol fürsətləri yaratdıq. Qəti şəkildə sırf kubuku düşünmürük. Adətən kubokun finalı mövsümün sonunda olurdu. İndi isə ağır qrafikə təsadüf etdi. Rotasiyaların, zədələrin oyunumuza təsiri olur. Sıx qrafikdən keçmişik. 35 gün ərzində 8-ci oyunumuz idi. Aprel ayı bizi çox yordu. Meydançanın keyfiyyəti son ötürmələrə, zərbələrə təsir edirdi.
Adətən oyundan sonra məşqçilər həmkarları ilə görüşüb sonra futbolçularını təbrik edirlər. “İmişli”nin baş məşqçisi isə matç bitən kimi oyunçularını təbrik etməyə getdi. Mən də tərcüməçi ilə görüşdüm və hərə öz istiqamətində getdi”.
Rəşad Sadıqov Premyer Liqada klub sayının artırılması barədə sualı da cavablandırıb:
“Əsas, məqsədin nə olmasıdır. Məqsəd sadəcə sayı artırmaqdırsa, say artıb, amma may ayında palçıqda futbol oynayırıq. Klubların çoxu 3-4 stadionda oynayır. İnfrastrukturu, stadionu olan klub varsa, Premyer Liqaya gələ bilər. Çempionatımızda keyfiyyətli komandalar, legionerlər var. Bu keyfiyyəti saxlamaq üçün ən azı ot örtüyü yaxsi vəziyyətdə olmalıdır”.


