Rəşad Sadıqov: “Bəlkə də çempionat ərzində ən çox itkilər bizdə olub”

“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Premyer Liqasının 24-cü turu çərçivəsində “Sumqayıt”a qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, o, qolsuz heç-heçəyə razılaşdıqları oyundan sonra təşkil olunmuş mətbuat konfransında bunları söyləyib:

“Hər iki komanda bir-birinə yaxşı bələd idi və müdafiədə etibarlı oynadı. Heç bir tərəf səhvə yol vermədi. Xırda epizodlar olurdu, o da zərbə və ya asma ilə nəticələnirdi. Oyun qol epizodları baxımından kasad keçdi. Hər iki komanda ağıllı oynamağa və mübarizələrdə bir-birinə güzəştə getməməyə çalışırdı. Elə bir oyun idi ki, səhv bağışlanmayacaqdı. Çünki hansısa komanda rəqibini 3 xal qabağa buraxsa, sonradan bunu aradan qaldırmaq çətin olacaqdı. Növbəti xalımızı qazandıq. Əzmkar mübarizəyə görə futbolçularıma təşəkkürümü bildirirəm.

“Sumqayıt” “Qarabağ”la kubok görüşündə əsas oyunçularının əksəriyyətini qorumuşdu. Bəlkə bu gün fiziki cəhətdən daha gümrah idilər. Amma bizim uşaqlar meydanda bunu hiss etdirmədilər, başabaş mübarizə apardılar. Düzdür, ikinci hissənin əvvəlində çoxlu top itkilərimiz oldu. Bir az həmin vaxt rəqibə rahat oynamağa imkan verdik. Amma sonradan vəziyyəti bərabərləşdiridk.

Heç vaxt hakim səhvi ilə qələbənin tərəfdarı olmamışam. Səhv gördüyümüz anda özümüzdən asılı olmayaraq gərginləşirik. Səhv olmayanda buna ehtiyac da qalmır. Amma ikinci hissədə özümü daha sakit saxlamağa çalışırdım. Bilirdim ki, dəqiqələr keçdikcə, zatən, oyunçularda gərginlik artacaq. Ona görə özümü sakitləşdirdim ki, futbolçular meydanda daha sərbəst olsunlar.

Rəşad Sadıqov komandasının üzləşdiyi problemlərdən də söz açıb: “Problemlərimiz göz qabağındadır. Adətən, çempionat qışadək bir tempdə keçir, qışdan sonra fərqli olur. Digər səbəb, “Neftçi” ilə kubok və çempionat matçlarımızdan sonra heyətdə itkilər olmağa başladı. Demək olar ki, 6-7 turdan sonra ötən matçda optimal heyətlə meydana çıxdıq. Bəlkə də çempionat ərzində ən çox itkilər bizdə olub. Düzdür, son vaxtlar “Qarabağ” da itkilərlə üzləşib. Şükürlər olsun, öhdəsindən gələ bildik. Düşünə bilərlər ki, “Zirə” 6-7 oyundur qələbə qazana bilmir. Amma mən fərqli baxıram. Daha yaxşısını edə bilərdik. Amma bu da pis deyil. Bəzi oyunlarda nəticəyə təsir edən hakim səhvləri oldu. Bütün problemləri nəzərə alsaq, durumumuzdan razıyam.

Qarşıda bizi vacib görüş gözləyir. “Keşlə” ilə ölkə kubokunun yarımfinal matçına çıxacağıq. Rəqib də bu gün qələbə qazanıb. Çox potensiallı, yaxşı heyətləri, kubok qazanmaqda təcrübəli məşqçiləri var. Bilirik ki, sonadək mübarizə aparacaqlar. Bərpa olub, 3 gün sonra yenidən oyuna çıxmalıyıq. Hazırda bütün fikrimiz kubok görüşündədir. Həm avrokuboklara vəsiqə, həm də komandanın tarixi baxımından önəmli oyuna çıxacağıq. Çempionatı kənara qoyub, kubok oyunu barədə düşünməyə məcburuq”.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: