“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Premyer Liqasının 14-cü turu çərçivəsində “Qarabağ”a qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, o, 0:2 hesabıyla uduzduqları oyundan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
“Futbolçularımın çıxışından çox razı qaldım. Əzmkar və inamlı oyun oldu. Bizə yaraşmayan səhvlərdən qol buraxdıq. “Ucuz qol”ların acısını çəkdik. Oyunu təhlil edəcəyik. Rəqibdən çəkinmirdik. “Qarabağ” öz meydanında inamlı oynayır. Məğlubiyyətə baxmayaraq, meydanda istədiyim komandanı gördüm. Xüsusilə, bu oyunda yaxşı çıxış etdik. Rəqibin təzyiqindən çıxa bildik. Yaxşı hücumlarımız olsa da, dəyərləndirə bilmədik. İki dövrəyə 22 xal toplamışıq. Bu, yaxşı göstəricidir. Son iki oyundur məğlub oluruq. Amma ötən oyunda məğlubiyyətə layiq deyildik.
Rəşad Sadıqov “Zirə”nin heyətinin daha da geniş olmasını istədiyini bildirib: “İstəyirəm ki, yeni transfer olsun. Amma ürəyimcə olmayan futbolçunu komandaya götürməyəcəyəm. Zədələnən Nemanya Andelkoviçin yerinə futbolçu gətirməyi düşünürük. 4 ay bizimlə olmayacaq. Bu mövqeyi gücləndirmək istəyirik. Hücum xəttindəki problemlərimiz görünür. Onun həll olunmasına çalışacağıq. Anatole Abanqın bizə keçidi gözlənilmir”.


