Rəşad Sadıqov: “Olanlara görə 1 xal bizim üçün qızıla bərabərdir”

“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Premyer Liqasının 25-ci turu çərçivəsində “Turan Tovuz”a qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, o, 1:1 hesabıyla başa çatmış matçdan sonrakı mətbuat konfransında bunları söyləyib:

“Birinci hissə bizim üçün olduqca ağır keçdi. Gözlənilməz hadisələr baş verdi. Əslində oyuna çox yaxşı başlamışdıq. Amma Məqsəd İsayev zədələndi və meydanda azlıqda qaldıq. Rəqib dərhal bundan istifadə etdi və hesabda irəli çıxdı. Bundan sonra oyunu düzəltməyə çalışırdıq ki, Rafael Utziq zədələndi. Zədələrdən sonra hücumdakı kreativliyimiz aşağı düşdü. Meydana buraxmağa hücumameyilli oyunçumuz yox idi. Yenə də dəyişiklik edib mübarizəmizi davam etdik. Daha sonra qırmızı vərəqəyə görə azlıqda qaldıq. Ondan sonra rəqib daha ürəkli oynadı. Biz bir az demotivasiya olduq. Bu qədər hadisələrdən sonra ikinci hissədə yaxşı mübarizə aparıb çox vacib 1 xal qazandıq. Fasilədən sonra futbolçular daha inamlı idilər. Oyundan öncə hər birimiz təbii ki, qələbəyə köklənmişdik. Baş verən hadisələrdən bu 1 xal da bizim üçün qızıla bərabərdir. Ayxan Abbasovun komandası xoş sözlərə layiqdir”.

Rəşad Sadıqov Sezar Meza Kollinin transferindən, eləcə də heyətdəki itkilərdən də söz açıb:

“Sezarın yanvar ayından komandada olmasını istərdim. Çoxsaylı zədələri nəzərə alaraq rəhbərliklə danışdıq. Biz daha çox hücumçu götürmək istəyirdik. Forvardın əvəzinə Meza Kollini gətirdik. Sonuncu rəsmi oyununa 10 ay bundan əvvəl çıxıb. Təbii ki, formaya düşməsi üçün vaxta ehtiyacı var. Amma bizim də vaxtımız yoxdur. Yavaş-yavaş komandaya faydalı ola biləcək. Bu gün Məqsədlə Utziq də zədələndilər. Onların zədəsinin nə qədər çəkəcəyini bilmirik. Bu yöndə çox ciddi sıxıntılarımız var. Çalışacağıq ki, öhdəsindən gələk. Rüstəm Əhmədzadə 2-3 həftə sonra komanda ilə məşqlərə başlayacaq. Felipe Paxtman üçün isə mövsüm bitib. Əməliyyatı planlaşdırılır”.

“Qorxduğumuz başımıza gəldi”

“Turan Tovuz”un baş məşqçisi Ayxan Abbasov isə heç-heçəyə belə şərh verib:

“Zirə”yə səfərdə qalib gəlmək üçün çox əziyyət çəkmək lazımdır. Azarkeşlərimizə təşəkkür edirəm. Oyun baxımından üstünlük bizdə idi. İlk dəqiqələrdə qol vurduq. Birinci hissədə yüzfaizli iki epizoddan yararlana bilmədik. Zədələrdən və qırmızı vərəqədən sonra bilirdik ki, rəqib ikinci yarıda dəyişikliklər edəcək və bizi əks-hücumlarda yaxalayacaq. Qorxduğumuz başımıza gəldi. Standart vəziyyətdə səhv etdik və penalti oldu. Bundan sonra epizodlar var idi.

Bu gün bizim də itkilərimiz var idi. Aleks Souza zədəli idi, bir məşq etmişdi. Onu meydana buraxmaqla riskə getdik. Denis Marandiçinin yoxluğu təsir etdi. O oynayanda cinahdan asmalar daha yaxşı olur. Rəqib yaxşı müdafiə olundu. “Zirə” çempionatda ən az qol buraxan komandadır. Rəşad Sadıqov komandanı hər rəqibə görə hazırlaya bilir. “Zirə” ilə matçlarımız həmişə maraqlı keçir. Bir-birimizə qarşı taktiki savaş gedir”.

Abbasov da heyətlə bağlı problemlərdən söz açıb: “İsmayıl Zülfüqarlı bu gün sol cinahda oynayacaq ən real futbolçumuz idi. Slavik Alxasov da zədəlidir. İsmayıl əvvəlki klubunda sol cinahda oynayıb, təcrübəsi var. Pis çıxış etmədi. Aydın Bayramovun durumuna gəlincə, zərbə üz nahiyəsinə olmuşdu. Oynamaq istədi. Sonra başı gicəlləndi. Paltardəyişmə otağında pis deyildi”.

Xəbəri sosial şəbəkələrdə paylaş: