“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Premyer Liqasının 16-cı turunda “Araz-Naxçıvan”a qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, o, qolsuz heç-heçədən sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
“Gərgin oyun keçdi. İlk 10-15 dəqiqə “Araz-Naxçıvan” aktiv idi. Bu da rəqibin güclü pressinqindən irəli gəlirdi. Dəqiqələr keçdikcə oyunu xeyrimizə dəyişdik, qol epizodları yaratdıq. İkinci hissənin ilk dəqiqələri üstünlüyümzlə keçdi. Stefan Akkanın zədəsi oldu, pauza yarandı. Sonra oyunumuz sındı. Dəyişikliklərdən sonra üstünlük bizdə idi. Qol da vurduq. VAR-da baxılana qədər 4-5 pauza oldu. Oyun sındı və meydanda mübarizə, baxımlı futbol görə bilmədik. Hər iki komanda böyük əzmkarlıq göstərdi.
Bu mövsüm keçirdiyimiz hər oyunda gərginlik hiss edirik. Bu da ilk sıralarda getməyimizlə bağlı idi. 16 tur oynamışıq, heç bir oyun bizim üçün rahat keçməyib. Qələbə qazananda da böyük çətinliklər yaşamışıq. Yuxarı pillələrdəsənsə, bu, normaldır. Rəqib güclü motivasiya ilə oynayır. 16 oyuna 28-ci xalımızı qazandıq, ikinci yerdəyik, hər şey qaydasındadır. Sadəcə, qol epizodlarımızdan istifadə edə bilmirik. Bu da gərginlikdəndir”.
Rəşad Sadıqov zədəli futbolçulardan və qış transfer pəncərəsi ilə bağlı planlarından da söz açıb:
“Felipe Paxtman bəlkə bu ilin sonuncu turuna hazır oldu. Bəlkə də kubok matçında oynayar. Hələ konkret bir şey yoxdur. Onun yoxluğu da hiss edilir. Futbolçu kimi çox istedadlıdır, onu bəyənirəm. Amma artıq özü ilə söhbətimiz olacaq. Çünki onu komandada saxlayanda, başqa birini götürmək olmur. Hücumda rotasiyalar etmək imkanı azdır. Üç vacib oyun keçirəcəyik. Çox istəyərdik ki, əlimizdə iki keyfiyyətli hücumçu olsun. Problemi həll etməliyik. Rəhbərliklə müzakirə aparırıq. Bir neçə mövqe var ki, heyəti genişləndirmək istəyirik. Alınmasa da, yetərincə yaxşı heyətimiz var, belə davam edəcəyik. Futbolçuların hər birindən razıyam”.
“Millidən təklif yoxdur, danışmağa dəyməz”
“Araz-Naxçıvan”ın baş məşqçisi Azər Bağırov isə matçdan sonrakı mətbuat konfransında bunları söyləyib:
“Maraqlı oyun alındı. Qol olmasa da, gərgin mübarizə var idi. İlk yarıda qol epizodlarımız olsa da, yararlana bilmədik. Yolumuza davam edəcəyik.
Heç vaxt hakimlikdən şikayət etməmişəm. Onlar da maksimumu edirlər. Hamımız səhv edə bilərik. Hakimlərə də meydanda, meydandan kənarda dəstəyimiz lazımdır.
Çempionatın liderləri ilə yaxşı mübarizə aparırıq, uduzmaq lazım olmayanda uduzuruq. Futbolçulara deyirəm ki, siz daha yaxşılarına layiqsiniz. Yaxşı yerlərdə olmalıyıq. Üst pillələrdə olmaq istəyirik. Hər xal bizim üçün qənimətdir. Şansımız güdürük ki, yuxarı çıxaq. “Sabah”la oynayacağıq. Mənim üçün Azərbaycanda üç güclü klubdan biridir”.
Bağır adının Azərbaycan millisi ilə birgə hallanmasına da toxunub: “Bilmirəm, təklif gələr, yoxsa gəlməz. Bu, müzakirə mövzusu deyil. Məncə, bir məşqçi bir yerdə çalışmalıdır. Beyin bir yer üçün çatır. Millidə işləyən hər bir şəxs bacardığını maksimum ora qoymalıdır. Təklif yoxdur, danışmağa dəyməz”.


