Futbol üzrə Əlcəzair yığma komandasının yarımmüdafiəçisi Rəşid Gezzal Türkiyənin “Beşiktaş” klubundan ayrılıb.
Arena.az xəbər verir ki, 32 yaşlı sağ vinger bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
O, İstanbul təmsilçisinə bu sözlərlə vida edib:
“4 illik həm möcüzəvi, həm də çətin anlardan sonra vidalaşmaq həmişə çətindir. “Təşəkkür”dən başqa deməyə söz yoxdur. Bütün komanda yoldaşlarıma (qardaşlarıma) və birlikdə işlədiyim texniki heyətə təşəkkür etmək istəyirəm. Bu anları mənimlə paylaşaraq, hər gün ailəmə kömək edən bütün heyətə təşəkkür edirəm, əziz “Beşiktaş”lılar, sonsuz sevginiz və dəstəyiniz üçün sizə çox təşəkkür edirəm. Futbola olan həvəs və bu klub mənim üçün unudulmaz bir xatirə olaraq qalacaq”.
Xatırladaq ki, Rəşid Gezzal 2020-ci ilin sentyabr ayından “Beşiktaş”ın uğurları üçün çalışırdı. O, bu komandada 123 oyuna 17 qol vurub, 33 məhsuldar ötürmə müəllifi olub. Əlcəzair yığmasının üzvü daha öncə “Fiorentina”, “Lester Siti”, “Monako” və “Olimpik” (Lion) kimi klublarda da çıxış edib.
Vaxtilə Fransanın U-20 yığmasında oynamış Gezzal 2015-ci ilin mart ayında Əlcəzair milli komandasında debüt matçına çıxıb. Təcrübəli oyunçu bu komandanın heyətində 22 oyuna 2 qol vurub, 4 məhsuldar ötürmə müəllifi olub.
Xatırladaq ki, “Beşiktaş”da daha öncə Co Uorral da İstanbul təmsilçisi ilə yollarını ayırmışdı. İngiltərənin “Nottingem Forest” klubundan icarəyə götürülmüş futbolçu sözügedən komandaya qayıdıb. “Qara qartallar”ın digər oyunçularından Umut Meraşın da növbəti mövsüm heyətdə qalmayacağı bildirilir.


