Geridə qalan mövsümü Azərbaycan kubokunun qalibi kimi başa vurmuş “Qəbələ”də daha bir futbolçu – Rafael Utziq də komandadan ayrılıb.
Arena.az xəbər verir ki, bu barədə əyalət klubunun mətbuat xidməti məlumat yayıb.
Xəbərdə bildirilir ki, cənubi amerikalı legionerin müqaviləsinin müddəti başa çatıb. Tərəflər yeni müqavilə ilə bağlı razılığa gələ bilmədikləri üçün yollarını ayırıblar.
Xatırladaq ki, Rafael Utziq 2020-ci ilin yayından “Qəbələ”nin şərəfini qoruyurdu. Braziliyadan olan 26 yaşlı forvard bu komandada keçirdiyi üç mövsüm ərzində 94 matça çıxıb. O, bu oyunlarda 18 qol vurub, 11 məhsuldar ötürmə ilə yadda qalıb. Utziq daha öncə ölkəsində “Parana”nın uğurları üçün çalışıb.
“Qəbələ” İdman Klubu Utziqə “qırmızı-qara” forma ilə keçirdiyi oyunlara və qazanılan qələbələrdəki payına görə təşəkkür edib. Futbolçuya gələcək karyerasında yeni-yeni uğurlar arzulanıb.
“Qəbələ” bu yay Məqsəd İsayev, Ramon Maçado, Səlahət Ağayev, Andrey Strijak, Felipe Santos, Rövlan Muradov, İsnik Alimi və Ruan Renato ilə də yollarını ayırmışdı. Gedənlərin əvəzində bölgə klubu hələlik Ahmed Ayzaya, Zurab Oçiqava və Lukas Afrikonu transfer edib. İlkin Qırtımov, Ürfan Abbasov, Murad Musayev, Emil Səfərov, Ülvi İsgəndərov, Kristof Atanqana və Omar Hani ilə də yeni müqavilə imzalanıb.
Qəbələnin eyniadlı təmsilçisi bu mövsüm Azərbaycanı Avropa Konfrans Liqasında təsmil edəcək. Sözügedən klub bu turnirin 2-ci təsnifat mərhələsində Kipr təmsilçisi “Omoniya” ilə üz-üzə gələcək. Bu komandalar arasındakı ilk oyun iyulun 27-də Qəbələdə, cavab görüşü avqustun 3-də Kiprdə keçiriləcək.


