Premyer Liqa təmsilçisi “Zirə”nin formasını geyinən Rafael Utziq Azərbaycan çempionatlarında 100-cü oyununu keçirib.
Arena.az xəbər verir ki, qəsəbə təmsilçisinin braziliyalı legionerinin yubileyi Azərbaycan Premyer Liqasının 5-ci turunun “Qarabağ”la ev görüşünə (1:3) təsadüf edib.
28 yaşlı hücumçu bu qarşılaşmada sonradan meydana çıxıb. Utziq Premyer Liqadakı 100 matçda 18 qola imza atıb.
Cənubi amerikalı futbolçu “Qəbələ”də 81 oyunda 15, “Zirə”dəki 19 matçda 3 qola sevinib. O, Premyer Liqada 2020-ci il sentyabrın 19-da “Qəbələ”nin “Keşlə” (indiki “Şamaxı”) ilə ev görüşündə (0:0) debüt edib.
Rafael Utziq 2020-ci ilin sentyabr ayından Azərbaycan çempionatında çıxış edir. Onu həmin vaxt “Qəbələ” ölkəmizə gətirmişdi. Utziq əyalət təmsilçisinin heyətində bütövlükdə 94 oyun keçirib, 18 qol vurub, 11 məhsuldar ötürmə verib.
Utziq bu ilin yanvar ayından “Zirə”nin uğurları üçün çalışır. 28 yaşlı vinger qəsəbə təmsilçisinin heyətində meydana çıxdığı 31 oyunda 11 qol vurub, 2 məhsuldar ötürmə müəllifi olub.


