Çempionlar Liqasının 1/4 finalının evdə Dortmund “Borussiya”sı ilə ilk oyunu “Barselona”nın braziliyalı hücumçusu Rafinya üçün düşərli olub.
Arena.az məlumat verir ki, o, “blauqrana”nın 4:0 heablı qələbəsinə 1 qol və 2 məhsuldar ötürmə ilə töhfəsini verib.
Beləliklə Rafinya Çempionlar Liqasının cari mövsümündə vurduğu qolların sayını 12-yə, məhsuldar ötürmələrin sayını isə 7-yə çatdırıb – ümumilikdə 19 səmərəli fəaliyyət. Bu, mötəbər yarışın bir mövsümü ərzində braziliyalı futbolçular arasında tarixən ən yaxşı nəticədir. Çempionlar Liqasının bir mövsümü ərzində Rafinyadan sonra ən səmərəli braziliyalı futbolçular isə Firmino və Kakadır. Firmino 2017/2018-ci illər mövsümündə 18 səmərəli fəaliyyətə imza atıb – 10 qol və 8 məhsuldar ötürmə. Kaka isə “Milan”la Çempionlar Liqasını qazandığı 2006/2007-ci illər mövsümündə mötəbər yarışda 13 səmərəli fəaliyyətlə diqqət çəkib – 10 qol və 3 məhsudlar ötürmə.
Əlavə edək ki, Rafinya cari mövsüm Çempionlar Liqasında hər iki göstərici üzrə mütləq liderdir.
Rafinya “Avai” klubunun yetirməsidir. Karyerasnın Avropa dönəminə “Vitoriya”da (Gimaraynş) başlamış futbolçu “Sportinq” (Lissabon), “Renn” və “Lids”də çıxış edib. 2022-ci ilin iyul ayında “Barselona” onu 58 milyon avro məbləğ müqabilində “Lids”dən “blauqrana”nın heyətinə qatıb. Braziliyalı hücumçunun Kataloniya klubu ilə müqaviləsinin müddəti 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə Rafinya “Barselona” üçün bütün yarışlarda 45 oyun keçirib, 28 qol və 22 məhsuldar ötürmə ilə fərqlənib. Onun “Barselona” karyerası ümumilikdə 132 oyun, 48 qol və 47 məhsuldar ötürmədən ibarətdir.
Braziliyalı hücumçu Kataloniya nəhəngi ilə 2022/2023-cü illər mövsümündə İspaniya La Liqasını qazanıb və həmin mövsüm İspaniya Super Kubokunun (2022/2023, 2024/2025) qalibi olub.
Rafinya 2021-ci ilin oktyabr ayında debüt etdiyi Braziliya milli komandasının heyətində 33 oyuna çıxıb, 11 qol vurub, 7 məhsuldar ötürmə verib.
“Transfermarkt” internet-portalı 28 yaşlı braziliyalı cinah hücumçusunun transfer dəyərini 80 milyon avro məbləğində qiymətləndirir.


